
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Oktyabrın 28-də axşam saatlarında "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsini qətiyyətlə pisləyir və Azərbaycan hökumətindən onun dərhal azad edilməsini tələb edir.
Belə ki, Zeynallı oktyabrın 19-da Azərbaycan parlamentinin deputatı Gülər Əhmədovanın şikayəti ilə ona qarşı açılmış cinayət işi ilə bağlı həbs edilib. Sonuncu redaktorun ondan güya pul tələb etdiyini iddia edir. Lakin dünən Əvəz Zeynallı həmkarlarına bildirib ki, Əhmədova onun yanına gələrək, hakimiyyətə qarşı loyallığı müqabilində pul təklif edib. Habelə qeyd edək ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qəzetə qarşı iddiasına əsasən çıxarılmış 10.000 manat və KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin iddiası üzrə çıxarılmış 5.000 manat, və müğənni Nüşabə Ələsgərlinin iddiası üzrə çıxarılmış 4.000 manat cəriməyə görə 2011-ci ilin may ayında “Xural” qəzetinin əmlakı siyahıya alınmışdı. Amma qəzetin cərimələri ödəməyə maddi imkan olmadığından icranın dayandırılması ilə bağlı məhkəməyə müraciət edib.
RATİ onu da qeyd edir ki, oktyabrın 19-da Nərimanov rayon məhkəmə icraçıları “Xural” qəzeti redaksiyasının əmlakına baxış keçirib və qəzet gündəlik dərc olunandan sonra alınan avadanlıqlar siyahıya alınaraq, daha sonra müsadirə edilib. Praktik olaraq müsadirə olunan mülkün çox az hissəsi “Xural” qəzetinə məxsus olub. Habelə məhkəmə icraçıları “Xural” qəzetinin redaksiyası ilə eyni binada yerləşən “liberal.az” saytının bir otaqlı ofisindəki əmlakın da “Xural” qəzetinə aid olduğunu ehtimal etdiklərini deyərək müsadirə ediblər. Bir gün sonra isə mətbəə də qəzetin çap edilməsindən imtina edib.
RATİ yuxarıda sadalanan faktlara əsaslanaraq qeyd edir ki, bütün bu addımlar müstəqil şəkildə, müstəqil bir qəzetin susdurulmağı üçün atılıb və bunun məsuliyyətini birbaşa ölkə rəhbərliyi daşıyır.