REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Naxçıvan Muxtar Respublikasında işləyən RATİ-nin bölgə müxbirləri – Həkimeldostu Mehdiyev və Elman Abbasovun, “Azadlıq və Azad Avropa” radiosunun Naxçıvandakı müxbirləri – İlqar Nəsibov və Məlahət Nəsibovanın ölümlə hədələnməsi, jurnalistlərin təhqir edilməsi, habelə Həkimeldostu Mehdiyevin vəhşiliklə döyülmə faktını kəskin pisləyir və bu özbaşınalıqların baş verməsinə görə Naxçıvan Muxtar Respublikası rəhbərliyini və hüquq-mühafizə orqanları qınayır.

Belə ki, 29-30  yanvar tarixində özünü Sədərək rayon sakini Malik Əliyev kimi təqdim edən şəxs RATİ-nin Naxçıvan bölgə müxbiri Elman Abbasova, habelə  “Azadlıq” radiosunun və “Turan” İA-nın müxbiri Məlahət Nəsibovaya zəng edərək  jurnalistləri ölümlə hədələyib. Eyni zamanda həmin şəxs jurnalistlərin ofislərini partladacağını da deyib. Jurnalistlər baş verənlərlə bağlı polisə müraciət etsələr də heç bir tədbir görülməyib.  Yanvarın 31-də isə RATİ-nin Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyev reportaj hazırlayarkən hücuma məruz qalıb. Mehdiyevə atılmış külqabının zərbəsi nəticəsində jurnalist xəsarət alıb.
RATİ əmindir ki, jurnalistlərə qarşı başlanan təzyiq və təqib kampaniyası onların peşə fəaliyyəti ilə bağlıdır və baş verənlər Naxçıvan Muxtar Respublikası rəhbərliyinin jurnalistləri susdurmaq cəhdindən başqa bir şey deyil. Çünki yuxarıda adları çəkilən müxbirlərdən başqa Naxçıvan Muxtar Respublikasında qərəzsiz və obyektiv jurnalistika ilə məşğul olan şəxslər yox səviyyəsindədir. Adları çəkilən jurnalistlər Naxçıvandakı reallıqlar, ictimai-siyasi proseslər barədə mütəmadi olaraq Azərbaycan, o cümlədən dünya ictimaiyyətini məlumatlandırmağa ciddi şəkildə töhfələrini verirlər. Məhz bu jurnalistlərin xidməti hesabına ictimaiyyətin Naxçıvan Muxtar Respublikasının Sədərək rayon Heydərabad qəsəbəsinin bir qrup sakininin üzləşdiyi ədalətsizliklər, basqı və təzyiqlərdən xəbəri oldu.
Təsadüfi deyil ki, yanvarın 16-da RATİ-nin Naxçıvan üzrə bölgə müxbirləri Həkimeldostu Mehdiyev, Elman Abbasov və Mehman  Mehdiyev , “Azadlıq” radiosunun və “Turan” İnformasiya Agentliyinin müxbiri Məlahət Nəsibova  informasiya toplayarkən Sədərək rayon Heydərabad qəsəbəsində hücuma məruz qalmışdılar.
Baş verən həmin hadisə ilə bağlı da dərhal  hüquq-mühafizə orqanlarına rəsmi qaydada müraciət edilsə də, bu günə qədər baş vermiş hadisə ilə bağlı kimsə cəzalandırılmayıb. Əksinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi orqanı olan “Şərq qapısı” qəzetinin 29 yanvar 2009-cu il tarixli  19 (18.686) sayında Naxçıvan Respublikası Mətbuat Şurasının müəllifliyi ilə yuxarıda adları çəkilən jurnalistlər, habelə şikayətçi valideynlərdən biri olan 72 yaşlı I qrup gözdən əlil İsmayıl Hüseynov haqqında həqiqətə uyğun olmayan, jurnalistlərin və şikayətçinin şərəf və ləyaqətini alçaldan 1 səhifəlik məqalə dərc olunub.  Bu isə sözsüz ki, jurnalistlərin daha sonra hədələnməsi və nəhayət Həkimeldostu Mehdiyevin növbəti dəfə vəhşiliklə döyülməsini stimullaşdırmaya bilməzdi.
Bütün baş verənlərə görə, RATİ Naxçıvan Muxtar Respublikası rəhbərliyini və ümumilikdə Azərbaycan hökumətini qınayır,  jurnalistlərə qarşı kampaniyanın dərhal dayandırılmasını, onların beynəlxalq  və Azərbaycanın milli qanunları ilə təsbit olunmuş hüquqlarının təmin edilməsini tələb edir.  RATİ hesab edir ki, baş verən son hadisələr də söz və mətbuat azadlığının durumuna görə dünya ölkələri sırasında utancverici sırada dayanan Azərbaycanın adına ucalıq gətirməyəcək, əksinə, baş verənlər Azərbaycanın beynəlxalq imicinə ciddi zərbə vuracaqdır. Bu baxımdan, RATİ Azərbaycan hökumətini beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə hörmətlə yanaşmağa, ölkədə söz və mətbuat azadlığını təmin etməyə çağırır.
Previous Post

ELAN!

Next Post

“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALININ BAŞ REDAKTOR MÜAVİNİ XULİQANLIQDA İTTİHAM OLUNUR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.