REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU “VİCDAN MƏHBUSLARINA DƏSTƏK” MARAFONUNA START VERD

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Vicdan Məhbuslarına Dəstək” xeyriyyə marafonuna start verib.

Bu barədə bu gün (22 iyun) keçirdiyi mətbuat konfransında RATİ sədri Emin Hüseynov məlumat verib. O bildirib ki, marafon  qarşıdan gələn 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar həbsdə olan 3 vicdan məhbusuna  – ”Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, bloggerlər Emin Milli (Abdullayev), Adnan Hacızadə və onların ailələrinə maddi yardım göstərmək məqsədi ilə keçirilir. Hər 3 məhbusun öz düşüncələrinə görə ədalətsiz həbs edildiyini deyən RATİ sədri qeyd edib ki, marafon çərçivəsində Prezident İlham Əliyevə də müraciət ediləcək.

O, ölkə başçısının mətbuatın 135 illiyi ilə bağlı sərəncam imzaladığını və  vətəndaş cəmiyyəti nümayəndələrindən təkliflər istədiyini xatırladaraq, bununla bağlı təkliflər hazırladıqlarını dedi: “Həbsdə olan 3 vicdan məhbusunun azadlığa buraxılması ilə yanaşı, “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynova Mətbuat prospektində abidə ucaldılması və onun adına küçə verilməsi ilə bağlı təkliflər verəcəyik” – deyə E.Hüseynov qeyd etdi.

RATİ sədri onu da əlavə edib ki, marafon çərçivəsində vicdan məhbuslarına dəstək vermələri üçün “BP”, “Azercell” və digər bu kimi iri vergi ödəyicilərinə də müraciət ediləcək.

 

Qeyd edək ki, “Vicdan Məhbuslarına Dəstək” marafonunda iştirak etmək könüllüdür və 18 yaşına çatmış Azərbaycan və xarici ölkə vətəndaşları həm fərdi, həm də kollektiv şəkildə iştirak edə bilərlər. Marafonda iştirak üçün minimal və maksimal məbləğ məhdudiyyəti yoxdur. Beləliklə, marafonda imkanından asılı olmayaraq söz azadlığını dəstəkləyən hər bir şəxs iştirak edə bilər və istədiyi vicdan məhbusuna yardım edə bilər. İştirakçılar marafonda şərti ad ilə də iştirak edə bilərlər. İştirakçılara verdikləri məbləğə müvafiq olaraq qəbz veriləcək və sonda marafonda yığılmış ümumi  məbləğ və iştirakçıların adları RATİ-nin internet saytında və mətbuatda dərc ediləcək.

 

 Marafonda iştirak etmək istəyən hər bir şəxs RATİ-nin (012) 418-03-34 nömrəli telefonuna və irfs.az@gmail.com elektron ünvanına müraciət edə bilər.

 

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,534/lang,az/  

Previous Post

ANDRES HERKEL JURNALİSTLƏRİN AZAD OLUNMAMASI PROBLEMİNDƏN DANIŞIB

Next Post

DAŞ KARXANALARININ İŞİ DAŞA DİRƏNİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.