Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) dünən (13 may) Apellyasiya Məhkəməsinin “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovla (Zahid) bağlı Yasamal rayon Məhkəməsinin çıxardığı ədalətsiz qərarı dəyişdirmədən qüvvədə saxlamasını kəskin pisləyir.
Xatırladaq ki, Zahidov 07 mart 2008-ci il tarixində Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 127.2.3 maddəsi (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) ilə 3 il 6 ay, 221-ci maddə (xuliqanlıq) ilə isə 6 ay olmaqla ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
RATİ hesab edir ki, Apellyasiya Məhkəməsi belə bir qərarı verməklə iqtidarın siyasi sifarişini icra edib, ədalət prinsipini pozub. Məhkəmənin çıxardığı qərarın sifarişli olması RATİ-də heç bir şübhə yaratmır. Çünki son 3 il ərzində Azərbaycan hökuməti “Azadlıq” qəzetinə qarşı total kampaniya aparır. Qəzetin Xaqani 33 ünvanında yerləşən redaksiyası zorla əlindən alınıb, qəzetin satiriki Sakit Zahidovun cibinə narkotik maddə atılmış, sonra isə o 3 il müddətinə azadlıqdan məhrum edilib, qəzetin müxbiri Fikrət Hüseynlinin boğazı kəsilməklə ona qarşı sui-qəsdə cəhd edilib. Son olaraq qəzetin gənc müxbiri Aqil Xəlil “Zeytun bağı” adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı araşdırma apararkən qəddarlıqla döyülüb, bu hadisədən bir müddət sonra isə ürək nahiyəsindən bıçaqlanan müxbirin həyatına sui-qəsd cəhdi edilib və hazırda da ona qarşı “qara piar” kampaniyası aparılır, hətta müxbirin ölkəni tərk etməsinə də imkan verilmir.
Bütün bunlara görə RATİ Azərbaycan hökumətindən “Azadlıq” qəzetinə qarşı başlanmış çirkin kampaniyanın dayandırılmasını, qəzetin baş redaktoru Qənimət Zahidov başda olmaqla ümumiyyətlə həbsdə olan bütün jurnalistlərin təcili olaraq azad edilməsini tələb edir. RATİ Azərbaycan hökumətini söz azadlığının təmin edilməsi ilə bağlı beynəlxalq qurumlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırır.
RATİ həmçinin beynəlxalq qurumları da Azərbaycanda söz azadlığının təmin edilməsi, həbsdə olan jurnalistlərin dərhal azadlığa buraxılması üçün Azərbaycan hökumətinə qarşı təzyiqləri artırmağa çağırır.