RATİ və MHİ bildirir ki, bu proses qanuna ziddir. Çanaq antenalarının yığışdırılması insanların qanuni yolla informasiya əldə etmək hüququ ilə yanaşı mülkiyyət hüququnu da pozur.
RATİ və MHİ vurğulayır ki, vətəndaşların informasiya əldə etmə vasitəsi olan bu antenaların binanın fasadına vurulmasını qadağan edən qanun yoxdur. Əgər hətta şəhərin dizaynı baxımından antenaların fasadda yox, binanın damında olması bəraətləndirilsə belə, bu yerdəyişmə üçün vətəndaşlara kompensasiya ödənilməli, həmçinin bu barədə vətəndaşlara xəbərdarlıq edilməlidir.
RATİ və MHİ bəyan edir ki, vətəndaşlar çanaq antenaları vasitəsilə beynəlxalq informasiya məkanına çıxış əldə etdikləri halda bu antenaların yığışdırılması onları informasiya almaqdan məhrum etmək deməkdir.
Bu da İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulmuş (dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı) hüquqların, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində nəzərdə tutulmuş məlumat azadlığının (hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır) hüquqların pozulması deməkdir.
RATİ və MHİ hökuməti bu sadalanan hüquqları pozmamağa, çanaq antenalarının sökülməsinə son qoymağa, antenaları sökülən vətəndaşlara kompensasiya ödəməyə və onlara peyk yayımlarına adekvat çatım imkanları təmin etməyə çağırır.