SABAH HÜQUQ MÜDAFİƏÇİSİ BARƏDƏ HÖKM ÇIXARILACAQ

avqust 11th, 2010

Bu gün (11 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Demokratiyanın Müdafiəsinə Kömək” ictimai birliyinin sədri, hüquq müdafiəçisi Vidadi İskəndərov barəsində Yasamal rayon məhkəməsində xüsusi ittiham qaydasında iddiaya əsasən sabah çıxarılacaq hökmlə bağlı mətbuat konfransı keçirib.

O, məlumat verdi ki, Göyçay rayon Polis Şöbəsinin sabiq rəisi, hazırda Dövlət yol polisinin Şirvan şəhər qeydiyyat imtahan şöbəsinin rəisi olan Vüqar Məmmədyarov, Göyçay rayon Polis Şöbəsinin inzibati təqiblər üzrə baş inspektoru Bəxtiyar Həşimov və Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Rüfət İbayevin xüsusi ittiham qaydasında qaldırdığı iddialar bir icraatda birləşdirilib və  işə hakim Xəqani Tağıyevin sədrliyi ilə baxılır.

 

“Göyçay rayon sakinləri ilə birlikdə 1 aprel tarixində RATİ-nin mətbuat mərkəzində keçirdiyimiz mətbuat konfransında Qüdrət Zülfüqarov və digərləri Göyçay polisinin rüşvət alması ilə bağlı məlumat veriblər. 2 aprel tarixində isə “Azadlıq” qəzetində “Polis məndən 3 min manat rüşvət alıb” adlı yazı dərc olunub. Bu yazıya görə, Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında iddia qaldıraraq, mənim cinayət məsuliyyətinə cəlb olunmasını istəyirlər” – deyən V.İskəndərov bildirdi ki, sabah saat 16.30-da bu iddia üzrə hökm çıxarılacaq. Ölkədə baş verən korrupsiya və rüşvət halları ilə mübarizə apardığı üçün dəfələrlə hədə-qorxu və  hücumlarla üzləşdiyini deyən İskəndərov vurğuladı ki, sabah məhkəmənin hansı qərar çıxaracağından asılı olmayaraq, mübarizəsini davam etdirəcək.