SEÇKİÖNCƏSİ TƏŞVİQAT DÖVRÜNDƏ TELEKANALLARIN FƏALİYYƏTİ QƏNAƏTBƏXŞ OLMAYIB

Bu gün (14 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun  mətbuat mərkəzində Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilən “Azad Dalğalar” layihəsi çərçivəsində bələdiyyə seçkiləri dövründə telekanalların monitorinqi ilə bağlı aralıq  hesabatın təqdimatı keçirildi.

Monitorinqin ABŞ-ın German Marşal Fondu tərəfindən də dəstəkləndiyini deyən RATİ sədri Emin Hüseynov bildirdi ki, bu hesabat rəsmi seçkiöncəsi təşviqat müddətinin başlamasından sonrakı 2 həftəlik dövrü əhatə edir. Onun sözlərinə görə, bələdiyyə seçkiləri dövründə İTV-dən başqa heç bir telekanal namizədlər üçün efir vaxtı ayırmayıb. Həmçinin hakim partiyanın ödənişsiz efir vaxtından imtina etdiyini  deyən RATİ sədri bildirdi ki, bütün bunlar telekanalların hakim qüvvələrin təsiri altında olmasından irəli gəlir və bu da sağlam seçki təşviqatının olmaması qənaətini yaradır. E. Hüseynov təqdim olunan hesabatda bir sıra təkliflərin əks olunduğunu da əlavə etdi. Təklifdə hakim partiyaların pulsuz efir vaxtından yararlanmadığı üçün bu müddət ərzində İTV-də seçki təşviqatı ilə bağlı canlı tok-şouların aparılması öz əksini tapıb. Hüseynov telekanalların rəhbərliyinə və Milli Televiziya və Radio Şurasının sədrinə tədbirdə iştirak etmələri ilə bağlı keçən həftədən etibarən müraciətlərin göndərildiyini bildirdi, lakin nə telekanallardan, nə də MTRŞ-dən heç kimin iştirak etməməsini narahatedici hal kimi qiymətləndirdi.
Aralıq hesabat barədə məlumat verən RATİ-nin əməkdaşı Rəsul Cəfərov monitorinqi aparılan telekanallarda əsas narahatlığın dövlət büdcəsindən maliyyələşən telekanalların fəaliyyətində olduğunu bildirdi. Seçki təşviqatı dövründə telekanallarda  hakim partiya olan YAP-ın təbliğatına daha çox yer ayrıldığını deyən Cəfərov digər partiyaların adının əksər telekanallarda epizodik olaraq hallandırıldığını dedi.
 
Hesabatla tam olaraq tanış olmaq üçün aşağıdakı linkə müraciət edin: http://www.tv-radio.az/index.php?option=com_content&task=view&id=1005&Itemid=79
Previous Post

MÜŞFİQ HÜSEYNOV HÜQUQ MÜDAFİƏÇİLƏRİNƏ VƏ HƏMKARLARINA TƏŞƏKKÜR EDİB

Next Post

SAHİBKAR ÖLKƏ RƏHBƏRLİYİNƏ ŞİKAYƏT ETDİYİ ÜÇÜN HƏDƏLƏNDİYİNİ BİLDİRİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.