TƏHSİL ÜZRƏ EKSPERTƏ QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Dünən (08 iyul) Yasamal rayon Məhkəməsində hakim Xaqani Tağıyevin sədrliyi ilə Təhsil Nazirliyinin (TN) nəzdində fəaliyyət göstərən “Dərslikləri Qiymətləndirmə Şurası” (DQŞ) üzvlərinin təhsil üzrə ekspert Əlövsət Osmanlıya qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə proses keçirilib.

Prosesdə iddiaçıların nümayəndəsi Cavad Cavadov, cavabdeh Əlövsət Osmanlı, onun vəkilləri İsaxan Aşurov və Elçin Sadıqov iştirak edirdi.

 

Hakim aprelin 12-də keçirilən prosesdə ekspertizaya göndərilmiş məqalələrlə bağlı cavab verildiyini bildirdi. O qeyd etdi ki, ekspertiza məqalədə təhqirə yol verildiyi barədə rəy verib. Elçin Sadıqov məqalənin ekspertizaya göndərilməsi ilə bağlı vəsatətdə qaldırılmış sualların sonradan çıxarıldığını bildirdi və qeyd etdi ki, məhkəmə ekspertizaya onların vəsatətlərinə zidd suallarla müraciət edib. İsaxan Aşurov isə ekspertizanın verdiyi rəyin düzgün olmadığını qeyd etdi və bu işi araşdıran ekspertə suallar vermək üçün onun məhkəməyə dəvət edilməsi ilə bağlı vəsatət verdi.

 

Hakim vəsatətin təmin edilməməsi ilə bağlı qərar qəbul etdi.

 
Əlövsət Osmanlı iddiaya səbəb olmuş “DQŞ dərsliklərin seçimində saxtakarlığa yol verib” ifadəsinin əsaslı olduğunu bildirdi və bu ifadənin yaranmasına səbəb olan dərslikləri, həmin dərsliklərlə bağlı DQŞ-nin verdiyi rəyləri məhkəməyə təqdim etdi. O vurğuladı ki, “Riyaziyyat” dərsliyinə rəy vermiş 9 nəfərdən heç biri riyaziyyatçı deyil və buna görə bu işdə saxtakarlığa yol verildiyini bildirib.

 

İş vaxtının sona çatması ilə əlaqədar olaraq hakim prosesi 20 iyul saat 16:00-a qədər təxirə saldı.

 
Xatırladaq ki, Ə. Osmanlının “Azadlıq” qəzetində təhsildəki nöqsanlarla bağlı yazdığı silsilə yazılardan birində getmiş “Dərslikləri Qiymətləndirmə Şurası dərslik komplektlərinin seçimində saxtakarlığa yol verir” cümləsini özlərinə qarşı böhtan hesab edən DQŞ üzvləri Cinayət Məcəlləsinin 147.1 maddəsi (Böhtan) ilə Yasamal Rayon Məhkəməsinə müraciət ediblər.

 

Previous Post

RAUF ARİFOĞLU ƏVƏZ ZEYNALLIYA QARŞI DAHA BİR İDDİA QALDIRIB

Next Post

ALİ MƏHKƏMƏNİN HAKİMİ EYNULLA FƏTULLAYEV BARƏSİNDƏ ÇIXARILMIŞ YENİ HÖKMUN TƏNQİD EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.