
”Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “Azadlıq” radiosuna deyib ki, o da müxbirin həbsi barədə məlumatı mətbuatdan oxuyub.
Əvəz Zeynallının sözlərinə görə, sonuncu dəfə Aydın Canıyevlə sentyabrın 6-sı axşam görüşüb: ”Mənə dedi ki, şeyx və mollalarla bağlı qəzetdə gedən yazılarla bağlı məni şeyxin mühafizəçisi Bakıya çağırıb, hətta 40 manat yol pulumu da onlar verib. Deyilib ki, onun yazılarında dindarlarla bağlı bəzi düzgün olmayan məqamlar var. Dediyinə görə, o da həmin səhvlərin düzəldiləcəyinə söz verib. Mənə bunları dedi. Onun həbs olunması ilə bağlı məlumatı eşidəndən sonra onunla heç cür əlaqə saxlaya bilməmişəm”.
Əvəz Zeynallının sözlərinə görə, Aydın Canıyevin cənub bölgəsində dindarların fəaliyyəti ilə bağlı xeyli tənqidi yazıları olub. Onun deməsinə görə, həmin yazılarda daha çox Qafqaz müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi tənqid olunurmuş. Baş redaktor müxbirin yazılarına görə həbs oluna biləcəyini deyir.