AZTV “AMERİKANIN SƏSİ” NƏ XƏBƏRDARLIQ EDİB

noyabr 20th, 2008
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) 2008-cu il dekabr ayının 31-dən sonra öz tezliyində “Amerikanın səsi” telekanalının  “News Flash” proqramının yayımını dayandıracağı barədə “Amerikanın səsi” proqramlarının Yayım İdarəçiləri Şurasına xəbərbarlıq məktubu ilə müraciət ünvanlayıb.

Bu barədə  “Turan” İnformasiya Agentliyi  hökumətdəki mənbəyə istinadən xəbər yayıb. Xəbərdə bildirilir ki,  “Amerikanın səsi” rəhbərliyinə ünvanlanmış rəsmi məktubda yayımın dayandırılmasına səbəbi kimi Azərbaycanın milli qanunvericiliyinin tələbləri göstərilib.
Xatırladaq ki, Azərbaycanda üç xarici radiostansiya – “Amerikanın səsi”, “Azadlıq” və “BBC” yayımlanır. Oktyabrın 31-də Milli Teleradio Şurasının sədri Nüşirəvan Məhərrəmli Azərbaycanda fəaliyyət göstərən xarici radiostansiyalara verilmiş tezliklərin ilin sonundan geri alınacağını bəyan edib.