BƏXTİYAR HACIYEVİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (21 may) Bakı Apellyasiya məhkəməsində gənc fəal, vicdan
məhbusu Bəxtiyar Hacıyevin cəzasının ikidə bir hissəsini çəkdiyi üçün
vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətinə baxılıb.

Hakim
Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən 14 saylı
Cəzaçəkmə müəssisəsinin nümayəndəsi Bəxtiyar Hacıyevin idmana və
müəssisədaxili ictimai işlərə maraq göstərmədiyini əsas gətirərək onun
azadlığa çıxmasını məqbul hesab etmədiklərini bildirib.
Hacıyevin vəkili Əlayif Həsənov isə  çıxışında Qaradağ rayon
Məhkəməsinin 29 mart 2012-ci il tarixli qərarını əsassız adlandırıb.
O, 14 saylı cəzaçəkmə müəssisəsinin Bəxtiyar Hacıyevlə bağlı
mülahizəsinin onun həbsdə qalmasına əsas olmadığını bildirib.
Tərəfləri dinlədikdən sonra müşavirəyə gedən hakim apellyasiya
şikayətinin təmin edilməməsi ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, məhkəmə prosesində çoxlu sayda yerli və xarici
jurnalistlər, həmçinin diplomatik korpusun nümayəndələri iştirak edib.
Xatırladaq ki, 18 may 2011-ci il tarixində Gəncə şəhər Nizami rayon
Məhkəməsi  gənc fəal Bəxtiyar Hacıyevin  Cinayət Məcəlləsinin 321.1-ci
(hərbi xidmətdən yayınma) maddəsi ilə təqsirli bilərək  2 il müddətinə
azadlıqdan məhrum olunması  barədə hökm çıxarıb. 6 iyul 2011-ci il
tarixdə bu qərardan verilən apellyasiya şikayəti təmin edilməyib.
2011-ci il dekabr ayının 6-da Ali məhkəmə bu qərarı qüvvədə saxlayıb.
Bundan əvvəl isə Bəxtiyar Hacıyev cəzasının üçdə bir hissəsini çəkdiyi
üçün vaxtından əvvəl azadlığa buraxılması barədə Qaradağ rayon
məhkəməsinə müraciət edib. 29 dekabr 2011-ci ildə Qaradağ rayon
məhkəməsi həmin müraciəti təmin etməyib. 27 fevral 2012-ci ildə isə
Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb.

Previous Post

VƏTƏNDAŞI QANUNİ MƏNZİLİNƏ BURAXMIRLAR

Next Post

BAKIDAKI AKSİYADA YERLİ VƏ XARİCİ JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.