BƏXTİYAR HACIYEVİN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (6 dekabr) Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə gənc fəal Bəxtiyar Hacıyevin Gəncə Apellyasiya Məhkəməsinin 6 iyul 2011-ci il tarixli qərarından verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.

Belə ki, prosesdə müdafiə tərəfi olaraq Hacıyevin vəkili Sadiq Bağırov, ittiham tərəfindən isə dövlət ittihamçısı Mahir Abbasov iştirak edirdilər.  Amma şikayətçi Hacıyev prosesdə iştirak etmirdi. Vəkil S. Bağırov çıxışı zamanı hüquqlarını müdafiə etdiyi gənc fəalın məhkəmədə iştirakının təmin edilməsini məhkəmədən xahiş etdi. Hakim İ. Hacıqayıbov isə bildirdi ki, B. Hacıyevə bu barədə məhkəmə tərəfindən bildiriş göndərilib. Amma  Hacıyev  məhkəməyə gəlmək barədə arzusunu bildirməyib.

Daha sonra proses müdafiə tərəfin vəsatətləri ilə davam edib. Vəkil S. Bağırov hərbi xidmətlə bağlı qanunvericilik aktlarının Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında Konstitusiya Məhkəməsinə müraciət edilməsi barədə vəsatət qaldırdı. Vəkil Konstitusiya ilə alternativ xidmətin nəzərdə tutulduğunu, amma “Alternativ xidmət haqında” qanunun indiyə qədər qəbul edilmədiyinə diqqət çəkib.  Habelə vəkil gənc fəal barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ilkin instansiya, eləcə də apellyasiya məhkəmələrinin iclas protokollarının surətlərinin müdafiə tərəfinə təqdim edilməsi barədə də vəsatətlər qaldırdı.

Dövlət ittihamçısı M. Abbasov vəkilin   dəlillərini  və verilən  vəsatətlərini əsassız  hesab etdiyini bildirərək, Gəncə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən istədi.

Nahar fasiləsindən sonra hakim İ. Hacıqayıbov kassasiya şikayətinin təmin edilmədiyini elan edib.

Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.
Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.   18 may 2011-ci il tarixində Gəncə şəhər Nizami rayon Məhkəməsi  gənc fəal Bəxtiyar Hacıyevin  Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə (hərbi xidmətdən yayınma) təqsirli bilərək  2 il müddətinə azadlıqdan məhrum olunması  barədə hökm çıxarıb. 6 iyul 2011-ci il tarixdə bu qərardan verilən apellyasiya şikayəti təmin edilməyib.

Hüquq müdafiə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.

Previous Post

RAFİQ TAĞININ QƏTLİ VƏ ƏVƏZ ZEYNALLININ HƏBSİNİ ARAŞDIRAN JURNALİST TƏHQİQAT QRUPLARI YARADILIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.