“BAKI ZAMAN”IN CƏNUB BÖLGƏ MÜXBİRİ ÖLÜMLƏ HƏDƏLƏNİB

“Bakı Zaman” qəzetinin Azərbaycanın cənub bölgəsi üzrə bölgə müxbiri Rahib Həşimov Lənkəran Regional Enerji Satış Şöbəsinin (REST) rəis müavini Mələkrəm Mirzəyev tərəfindən  ölümlə hədələnib.

Bu haqda məlumatı RATİ-yə müxbirin özü verib: 
“Təxminən 3 həftə bundan əvvəl “Regional Enerji Satış Şöbəsində ailə ansamblı” başlıqlı məqalə yazmışdım. Məqalədə idarə rəhbərliyinin qeyri-peşəkarlığı, qohumbazlığı haqqında yazmışdım. Yazı qəzetdə dərc olunandan sonra mən Lənkərana qayıtdım. REST-in rəis müavini Mələkrəm Mirzəyev mənimlə telefon əlaqəsi yaradaraq idarəyə dəvət etdi. Məndən təkzib verməyimi və mənbəni açıqlamağımı tələb etdi. Mən isə qanuna əsaslanaraq bundan imtina etdim. Bu hadisədən bir qədər sonra rayonun mərkəzində elektrik enerjisi kəsilməsi ilə əlaqədar Mələkrəm Mirzəyevlə əlaqə saxladım. Məndən təkzibi verib-vermədiyimi soruşdu. Mənim yazdıqlarıma təkzib vermədiyimi eşidəndə məni “Sən məni yaxşı tanımırsan. Mən səni məhv edərəm, öldürərəm” kimi ifadələrlə hədələməyə başladı. Hadisədən dərhal sonra mən Lənkəran Rayon Prokurorluğuna müraciət etdim. Prokurorluq isə baxılmaq üçün ərizəni Lənkəran Şəhər Polis İdarəsinə göndərib”, – deyə qeyd edən  Həşimov bu işin obyektiv araşdırılacağına ümid etdiyini də vurğuladı.

“O, bizim haqqımızda həqiqətə uyğun olmayan məlumatları yazıb. Ona görə də onu idarəyə dəvət etmişəm və ondan xahiş etmişəm ki,  bizimlə bağlı nə isə yazmaq istəyirsə bizim də fikrimizi öyrənsin”. Bunu isə RATİ-yə bildirən  Mələkrəm  Mirzəyev Rahib Həşimovu hədələmədiyini deyərək, onun haqqında hüquq mühafizə orqanlarına müraciət etməyə hazırlaşdığını bildirdi: “O, adam bizə şər atır, qoy hüquq mühafizə orqanları həqiqəti araşdırıb ortaya çıxarsınlar ”.   

Previous Post

YENİ XƏBƏR PORTALI FƏALİYYƏTƏ BAŞLAYIB

Next Post

ANDRES HERKEL EMİN HÜSEYNOVUN VƏZİYYƏTİNDƏN NARAHATDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.