Azərbaycanda yayım mediasının durumu qənaətbəxş deyil

Reportyorların Azadlıq və Təhlükəsizlik institutu ATƏT-in Bakı ofisinin dəstəyi ilə “Azərbaycanda Yayım Mediası: Mövcud Durum və Yeni çağırışlar” mövzusunda milli konfrans keçirib.

ATƏT-in Bakı Ofisinin təmsilçisi Nikolas Detsh açılış nitqi edərək belə tədbirlərin ölkədə azad, müstəqil teleyayımın inkişafına müsbət təsir edə biləcəyini deyib. Telekanallarda plüralizmin genişlənməsinə şərait yaradılmasının vacibliyini önə çəkərək, 2013-cü il prezident seçkilərinin demokratik keçirilməsi üçün bunun daha gərəkli olduğunu bildirib.

Birinci panelə Beynəlxalq Mediaya Dəstək təşkilatının proqram rəhbəri Gülnarə Axundova moderatorluq edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı Qulam Abdullayev ölkədə rəqəmsal yayıma keçidlə bağlı görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə son texnoloji vasitələr hesabına rəqəmsal yayımın təşkili, şirkətlərdə son proqram texnologiyalarının tətbiqi sahəsində işlər görülür. DVBT-2 sisteminin tətbiqi ətrafında müzakirələr gedir. Milli peyk yayımına keçidə hazırlıqlar davam edir.

RATİ rəhbəri Emin Hüseynov Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin vətəndaş cəmiyyətinin bir neçə ay qabaq rəqəmsal yayıma keçiddə DVBT deyil, DVBT-2 standartlarından istifadə tövsiyəsinin hökumət tərəfindən reallaşdırılmasını növbəti 10 ildə televiziyların inkişafı üçün vaxtında atılmış və cox mühüm addım kimi dəyərləndirib. Rəqəmsal yayıma keçid zamanı ən müasir ötürücü və qəbuledici rəqəmsal avadanlıqların gətirilməsinə dövlətin şərait yaratmalı olduğunu qeyd edib. Onun fikrincə, Teleradio İstehsalat Birliyinin inhisarında olan yayımın texniki imkanları  sabit yayıma təhlükədir və dolayısı ilə telekanalların müstəqilliyinə bir müdaxilədir. Telekanalların özlərinin rəqəmsal ötürücülərinin olması işin müsbət həllinə apara, yayım azadlığına imkan yarada bilər. Dövlət sadəcə nəzarət funksiyasını yerinə yetirməli, hansısa formada inhisarçı maraqlara əsaslanan təsərrüfat subyekti qismində cıxış etməməlidir. Özəl sərmayə yatırımçılarına imkan yaradılmalı, dövlətin teleradio yayım sahəsində  resursları özəlləşdirməyə cıxarılmalıdır – Emin Hüseynov belə deyib.

Konfransda yayım mediasının peşəkarlıq və hüquqi fəaliyyət istiqamətlərinə də diqqət yetirilib. Tanınmış teleaparıcı, profesoor   Qulu Məhərrəmli qanun və peşə etikasının KİV-lərdə obyektivliyi, plüralizmi təmin etməli və ictimai maraqları nəzərə almalı olduğunu xatırladıb. İqtidarın yayıma nəzarət etməsi  və ictimai qınağın olmaması üzündən telekanalların bunu təmin etmədiyi deyilib.

İREX beynəlxalq təşkilatının eksperti Ələsgər Məmmədli Azərbaycan hökumətinin Avropa Şurası önündə götürdüyü AzTV-ni “dövlətsizləşdirməsi” öhdəliyini 11 ildir ki, yerinə yetirmədiyini deyib. “Bu bir yana, bu teleşirkətin bazası əsasında “İdman” və “Mədəniyyət” kimi yeni telekanalların yaradılması kimi təhlükəli təcrübə var” – deyə Ə.Məmmədli qeyd edib. Litvanın təcrübəsinə istinad edən Ə.Məmmədli telekanalların biznes sahəsi kimi cəlbedici olması və dövlətin təsirinin azalması üçün onlara müddətsiz lisenziya verilməsini məqsədəuyğun sayıb.

İkinci paneldə İREX Yeni Media Layihəsi üzrə rəhbəri Anjela Niciora moderatorluq edib. Ölkənin 9 ümumrespublika yayımçısından tədbirə qatılan yalnız “İctimai” telekanalın təmsilçiləri olub. Televiziyanın İctimaiyyətlə Əlaqələr və Monitorinq şöbəsinin müdiri Tahir Məmmədov və Analitik Proqramlar departamentinin rəhbəri Anar Yusifoğlu İTV-nin bütün ictimai maraqları nəzərə aldığını sübut etməyə çalışıblar. T.Məmmədov İTV-nin siyasiləşmədən və siyasiləşmiş proqramlardan kənarda qalmalı olduğunu bildirib. O qeyd edib ki, teleşirkət sosial məsələlərə, maarifləndirmə işinə üstünlük verir və bununla birgə müxalifətin fəaliyyətini və aksiyalarını işıqlandırır.

Amma RATİ-nin keçirdiyi monitorinq telekanalda gerçək plüralizm və ictimai maraqlara riayət məsələsində problemlər olduğunu üzə çıxarıb. RATİ ATƏT-in dəstəyi ilə sentyabr-dekabr aylarında televiziyaların monitorinqini aparır. Media monitorinqi üzrə ekspert Rəşad Əliyevin monitorinqin nəticələrinə dair hesabatın təqdimatı göstərir ki, telekanalda əsas müxalifət partiyalarına yer verilməyib, birtərəfli olaraq iqtidarın müsbət xarakterli təbliğatı aparılıb. “Elşad Abdullayev və Gülər Əhmədovanın böyük ictimai rezonans yaradan videoqalmaqalına telekanal nəzər yetirməyib ki, özlüyündə bu fakt çox şey deyir” – deyə o bildirib.

Monitorinq ANS, Az.TV, İTV,ATV, “Lider”, “Space” telekanallarını, İctimai radionu və “AzərTAC” dövlət informasiya agentliyini əhatə edir. Plüralizmin bəzi elementləri ancaq ANS və İTV-də qeydə alınıb. Qeyd edək ki, bütün telekanallarda siyasi subyektlərin işıqlandırılması sıralamasında prezident İlham Əliyev birinci yerdədir.

Müzakirə və çıxışlara yekun vuran RATİ sədri Emin Hüseynov hakimiyyətin cəmiyyətin demokratikləşməsində önəmli rolu olan telekanalların efir siyasətinə nəzarət etməli olmadığını deyib. Dövlət  büdcəsindən yerli teleseriallara deyil, qarşıdan gələn seçki ilində yüksək standartlara cavab verən  diskussiya və debat xarakterli verilişlərin  yaradılmasına vəsait ayırmalı olduğunu qeyd edib. AzTV-nin tam özəlləşməsinin və ikinci, üçüncü İctimai televiziyaların yaranmasının gərəkliyinə diqqət çəkib.

Previous Post

The Right to Remain Silent

Next Post

RATİ yeni saytını təqdim edib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.