MƏHKƏMƏLƏR DAŞQINDAN ZİYAN ÇƏKƏNLƏRİN İŞLƏRİNİ LƏNGİDİR

iyul 28th, 2012
  2010-cu il daşqınından ziyan çəkənlərin işləri üzrə məhkəmə prosesləri qəsdən ləngidilir- bu barədə “Kür” vətəndaş cəmiyyəti qərargahının daşqından sonrakı dövrün hüquqi aspektləri haqqında hesabatında deyilir.

Qərargahın koordinatoru Oqtay Gülalıyev bu gün hesabatın təqdimatında bildirib ki, bu ilin aprel ayından etibarən 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi qəbul edilmiş iddiaları Şirvan İnzibati İqtisad Məhkəməsinə yönləndirməyə başlayıb. Lakin Şirvan Məhkəməsi işlərə baxmayıb və bunu cavabdehlərin – Fövqəladə Hallar Nazirliyinin, Nazirlər Kabinetinin Bakıda yerləşməsi ilə əsaslandırıb.  Öz növbəsində, Bakı İnzibati İqtisad Məhkəməsi işin Şirvan Məhkəməsinə göndərilməsini şikayətçilərin bu ərazidə yaşaması ilə izah edir.
    Bu süründürməçilikdən şikayət etmək cəhdləri nəticə verməyib.
    Şirvan Məhkəməsi işlərə baxmamaq üçün başqa bicliklərə əl atır. “Şirvan İnzibati İqtisad Məhkəməsi iyulun 21-də mənə ayın 22-də məhkəmədə iştirak haqqında bildiriş göndərib. Bildiriş iyulun 24-də İmişli rayon poçt bölməsinə daxil olub, mənə isə iyulun 25-də çatıb”, deyə iddiaçı Xudaş Rzayev bildirib.
    2010-cu ilin oktyabrından etibarən “Kür” qərargahı zərərçəkmiş vətəndaşların dövlət qurumlarına qarşı 128 iddiasını hazırlayıb. Bu gün yüzdən çox iddia məhkəmələr tərəfindən qəbul edilib. 9 şikayətçi problemlərinin həlli ilə əlaqədar iddialarını geri alıblar. Ümumilikdə, 28 iddiaçının problemi məhkəmələrdə həllini tapıb. İddialar əsasən hakimiyyət nümayəndələrinin yol verdiyi korrupsiya və süründürməçilik faktlarına aid olub.
    Gülalıyevin fikrincə, məhkəmələr proseslərin Avropa instansiyasında davam etməsinə imkan verməmək üçün işləri qəsdən uzadırlar. Amma, buna baxmayaraq, artıq Avropa İnsan Hüquqları Məhkəməsinə Saatlı rayonundan bir fermerin işi üzrə şikayət hazırlanır.
    Daşqından ziyan çəkənlərin də iştirak etdiyi hesabatın təqdimat mərasiminin yekunlarına görə “Kür” qərargahının dövlət qurumlarına 12 bənddən ibarət tövsiyələri var. Xüsusən, qərargah məhkəmə iclaslarını qanunla müəyyən edilmiş çərçivədə və müddətdə keçirməyə, habelə süründürməçiliyə və vətəndaşların ələ salınmasına son qoymağa çağırıb.
    Qərargah həmçinin 460 mln. manatlıq dövlət yardımının paylanmasında şəffaflılığı və hesabatlılığı təmin etməyi: FHN-in saytında vətəndaşların siyahısını və aldıqları birdəfəlik yardımları, təsərrüfata dəyən ziyana görə kompensasiyaları, habelə onlar üçün tikilmiş evləri və bu evlərin dəyərini açıqlamağı tövsiyə edib.
    Daşqından iki il keçməsinə və 0,5 mlrd. manata yaxın vəsait ayrılmasına baxmayaraq, ziyan çəkmiş 8 rayonun sakinlərinin problemləri qismən həll olunub. Daşqının nəticələrinin aradan qaldırılması prosesi geniş miqyaslı korrupsiya və insan hüquqlarının kütləvi şəkildə pozulması, habelə dövlət qurumlarının vətəndaşlara qarşı zorakılığı ilə müşayiət olunur.