JURNALİST ARAŞDIRMALARI MƏRKƏZİ FƏALİYYƏTİNİ AKTİVLƏŞDİRİR

sentyabr 17th, 2008

Jurnalist Araşdırmalar Mərkəzi (JAM) yenidən fəaliyyətini aktivləşdirəcək.

Bunu, bu gün (17 sentyabr) RATİ-nin Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında təşkilatın rəhbəri Şeyda Nəsibli ( Kamaloğlu) söylədi.

“Bizim fəaliyyətsizliyimizin əsas səbəblərindən biri də təşkilatımızın dövlət qeydiyyatına alınmamağı ilə bağlıdır. Biz bu məsələ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişik. Avropa Məhkəməsinin 2007-ci ilin noyabr ayında çıxardığı qərarla iddiamız təmin olundu.  Dəyən maddi və mənəvi ziyan əvəzində bizə 3 min avro təzminat da ödənildi. Amma bu vaxta qədər  Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin bu qərarını tətbiq etməyib. Habelə Ali Məhkəmənin Plenumu  Avropa Məhkəməsinin qərarına əsasən bizə əlavə olaraq 3 min avrodan az olmamaqla kompensasiyanın ödənməsini təmin etməlidir”, – deyə qeyd edən Nəsiblinin sözlərinə görə, əgər yaxın gələcəkdə (oktyabr-noyabr ayları ərzində) bu məsələ ilə bağlı tədbir görülməyəcəksə yenidən Avropa Məhkəməsinə müraciət ediləcək .

Habelə Nəsibli təşkilatın yeni nizamnaməsi ilə dövlət qeydiyyatına alınmağı üçün sənədləri hazırladıqlarını və sənədlərin

10 gün ərzində Ədliyyə Nazirliyinə təqdim olunacağını da dedi.
Nəsiblinin verdiyi məlumata görə, onun Türkiyədə yaşamağı də təşkilatın fəaliyyətinin dondurulmasına səbəb olub. Bu səbəbdən JAM-da bundan sonra həmsədrlik institutu fəaliyyət göstərəcək. Digər həmsədr – tanınmış jurnalist Seymur Verdizadə olacaq.
Daha sonra çıxış edən Verdizadə JAM-ı Azərbaycanda təmsil edəcəyini və təşkilatın fəallaşması üçün əlindən gələni edəcəyini dedi. Onun sözlərinə görə, JAM həm jurnalistika sahəsində mövcud olan problemlərin həlli, həm də mediaya qarşı basqıların qarşısının alınması üçün layihələr həyata keçirəcək. 
Tədbirdə iştirak edənlərdən – Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli,  Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Azadliq” qəzetinin redaktoru Rövşən Hacıyev, RATİ sədri Emin Hüseynov,  Araşdırmaçı Jurnalistlər Şəbəkəsinin üzvü Ceyhun Abdulla və digərləri çıxış edərək JAM-a fəaliyyətində uğurlar arzu etdilər.

Qeyd edək ki, 2002-ci ildə yaradılmış JAM  təxminən 2 il yarım idi ki fəaliyyətini dondurmuşdu.