KİV-İN FƏALİYYƏTİNİ MƏHDUDLAŞDIRMAQ ÜÇÜN 4 QANUNA DƏYİŞİKLİK NƏZƏRDƏ TUTULUB

Hakimiyyət Kütləvi İnformasiya Vasitələrinin (KİV) fəaliyyətini məhdudlaşdırmaq üçün 4 qanuna əlavə və dəyişiklik etməyi nəzərdə tutub. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bu barədə məlumat verən millət vəkili Pənah Hüseynin sözlərinə görə, “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsi üçün Prezident Administrasiyasından Milli Məclisə təklif gəlib.

Onun sözlərinə görə, parlamentin Dövlət quruculuğu, Hüquq siyasəti və İnsan haqları daimi komitələrinin iclasında həmin əlavə və dəyişikliklər müzakirə də edilib. Bu məsələ Milli Məclisin 12 fevralda keçiriləcək iclasının gündəliyinə daxil olunub.
 ““KİV haqqında” qanunun 60-cı maddəsinə təklif edilən əlavə bundan ibarətdir: “əməliyyat-axtarış halları istisna olmaqla digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmayaraq, KİV nümayəndələri tərəfindən izlənilməsi, video və fotoçəkilişinin, səs yazısının aparılması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur”. Bu əlavə ”İnformasiya əldə etmək haqqında" Qanunun da 6-cı maddəsinə, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 21-ci maddəsinə, həmçinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna da əlavə edilir” – deyən P.Hüseyn qanunlara edilməsi nəzərdə tutulan bu antidemokratik dəyişikliklərin həm Azərbaycan Konstitusiyasına, həm də Avropa Konvensiyasına zidd olduğunu da qeyd etdi. “Yəqin ki, hakimiyyət bu əlavəni konstitusiyaya ötən il edilmiş məlum düzəlişlə əsaslandırmağa çalışacaq. Lakin bu, Avropa əsas insan hüquq və azadlıqlarının predmeti olan bir məsələdir” – deyə P.Hüseyn əlavə etdi.
Qeyd edək ki, 18 mart 2009-cu ildə keçirilmiş referendumda Konstitusiyanın 32-ci (Şəxsi toxunulmazlıq hüququ)  maddəsinə “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz” əlavəsi edilmişdi.

Previous Post

VƏKİL JURNALİSTƏ QARŞI İDDİANIN RƏDD OLUNMASI İLƏ BAĞLI VƏSATƏT QALDIRIB

Next Post

AZƏR AYXANIN MƏHKƏMƏ PROSESİNDƏN GÖRÜNTÜLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.