Media Hüququ İnstitutu “müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi İlə idxal etmə, satma və yayma”ğa görə ağır cinayət cəzaları müəyyən edən qanunu ölkədə ifadə azadlığına ciddi təhlükə hesab edir.
Hər hansı ifadə (istər kitabda, istər filmdə, istər qəzetdə və s. olsun) yalnız və yalnız dövlət təhlükəsizliyi və dövlətin ərazi bütövlüyü mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması, cinayətin, iğtişaşların qarşısının alınması, ictimai təhlükəsizliyin qorunması, ictimai qaydanın təmin edilməsi üçün, habelə məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədilə məhdudlaşdırıla bilər.
Media Hüququ İnstitutu bildirir ki, məzmunuNdan (istər dini, istərsə də başqa) asılı olmayaraq hər hansı “ədəbiyyatı”, “əşyaları” və “başqa məlumat materiallarını” çap etmə, idxal etmə, satma və yayma ifadə azadlığı hüququndan istifadə etmə formalarıdır. Sadəcə ifadə azadlığı hüququndan yararlanmağa görə belə ağır cəzaların verilməsi hər hansı legitim məqsədə mütənasib sayıla bilməz və bütün hallarda ifadə azadlığı hüququnun pozulması olaraq qanunla qorunan ictimai mənafelərə zərər vuracaqdır. MHİ bu qanunu, eləcə də dini ədəbiyyatla bağlı ön senzuranı nəzərdə tutan yanlış qanunvericiliyi tez bir zamanda aradan qaldırmağı, bu sahədki tənzimləmələri Azərbaycan Konstitusiyasına, İnsan hüquq və azadlıqlarının tənzimlənməsi haqqında konstitusiya qanununa və Avropa Konvensiyasının 10-cu maddəsinə uyğunlaşdırmağı tövsiyə edir.