VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏSİ KOMİTƏSİNİN BƏYANATI

Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları “Qrant haqqında” Qanuna və bununla əlaqəli digər normativ hüquqi aktlara edilmiş sonuncu dəyişikliklərin tətbiqinin qeyri-hökumət təşkilatlarının fəaliyyətinə ciddi əngəllər törədəcəyindən dərin narahatlıq keçirir.

 Bu dəyişikliklərə görə yalnız müvafiq hökumət qurumunda qeydiyyatdan keçməsi barədə sənəd almış qrant müqavilələri üzrə hər hansı əməliyyat aparmaq olar. Bu isə o deməkdir ki, hər bir ayrıca qrant fəaliyyəti üzrə hökumət qurumundan icazə alınmalıdır.
 Belə qaydalar məmur özbaşınalığına və korrupsiyanın genişlənməsinə şərait yaradır. Hesab edirik ki, QHT-lərin hər bir addımına əslində icazə qaydasının qoyulmasını hər hansı legitim ictimai mənafe ilə bəraətləndirmək mümkün deyil. Əksinə bu qanunun tətbiqi mühüm legitim ictimai mənafelərdən birinə, güclü vətəndaş cəmiyyətinin mövcudluğuna, onların ictimai işlərdə peşəkar, fəal iştirak imkanlarının olmasına, insan haqlarının müdafiəsinə və başqa bu kimi legitim maraqlara ciddi zərər vuracaqdır.
 QHT-lərin Maliyyə Nazirliyinə bir neçə forma üzrə hesabatlar verməsi tələbi də narahatlıq doğurur. QHT-lərin maliyyə fəaliyyətinin təkmilləşməsinə və şəffaflaşmasına yönəlmiş olsa belə QHT-lərin qısa zamanda bu hesabatları hazırlamaq üçün imkanlarının olmaması nəzərə alınmalıdır. Digər tərəfdən QHT-lərdən daha böyük maddi və insan resurslarına malik olan kommersiya qurumlarına belə hesabat hələ tətbiq olunmadığı halda QHT-lərə tətbiq olunması ədalətli sayıla bilməz.
 Vətəndaş cəmiyyəti təşkilatları qrant müqavilələrinin məcburi qeydiyyatı və qeydiyyat sənədi olmayan qrant müqavilələri üzrə əməliyyatların keçirilməsini qadağan edən müddəaların tətbiqinin dayandırılmasını və bu müddəaların ləğv olunmasını zəruri hesab edir. Vətəndaş cəmiyyəti qurumları, eləcə də QHT-lərin maliyyə hesabatı verməsi ilə bağlı qaydaların tətbiqinin 1 illiyə təxirə salınmasını və QHT-lin bu hesabatları hazırlaması üçün hazırlaşmasına yardım göstərilməsini vacib sayır.
 Yuxarıda göstərilənlərlə yanaşı vətəndaş cəmiyyəti qurumlarının güclənməsinə, QHT-lərin şəffaflığının və hesabatlılığının artırılmasına yönəlik təşəbbüslərin müzakirəsində, bu yöndəki siyasətin həyata keçirilməsində yaxından əməkdaşlıqda maraqlı olduğumuzu bildiririk.
 Cəmiyyətin bütün sivil toplum quruluşlarını, habelə ölkəmizdə demokratiyanın inkişafı yönündə fəaliyyət göstərən bütün beynəlxalq təşkilatları və diplomatik missiyaları bu proseslərdə vətəndaş cəmiyyəti təşkilatlarına dəstək olmağa çağırırıq. Eyni zamanda hökumətə müraciət edərək bu sahədəki problemlərin birdəfəlik aradan qaldırılması məqsədilə birgə səmərəli fəaliyyətə hazır olduğumuzu bildiririk!

Previous Post

NOVRUZƏLİ MƏMMƏDOVUN AİLƏSİNİN İDDİASI TƏMİN OLUNMADI

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.