NOVRUZƏLİ MƏMMƏDOVUN AİLƏSİNİN İDDİASI TƏMİN OLUNMADI

 Bu gün (27 yanvar) Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinov Məryəm Məmmədova və Emil Məmmədovun “Tolışi-sədo “ qəzetinin baş redaktoru Novruzəli  Məmmədovun ölümü ilə bağlı Maliyyə  Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Tibb Baş  İdarəsi, 15 saylı cəzaçəkmə müəssisəsi və Penitensiar Xidmətin müalicə müəssisəsinə qarşı qaldırdığı iddia üzrə qərarı elan edib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna iddiaçıların vəkili Ramiz Məmmədov məlumat verib. Onun sözlərinə görə, hakim iddianın təmin edilməməsinə qərar verib. Vəkil bildirdi ki, dünən (26 yanvar) keçirilən məhkəmə prosesində tibbi ekspertizanın rəyi elan edilib. Qeyd edək ki, 25 noyabr 2009-cu ildə R. Məmmədov mərhum N. Məmmədova qoyulmuş diaqnoz ilə edilmiş müalicənin adekvatlığını müəyyən etmək üçün tibbi ekspertiza keçirilməsi üçün vəsatət qaldırmış və proses ekspertiza rəyinin alınmasınadək təxirə salınmışdı. Ekspertizanın rəyində N.Məmmədova qoyulmuş diaqnoz ilə edilmiş müalicənin uyğun olması bildirilib. Dünənki prosesdə həmçinin tərəflərin yekun çıxışları dinlənilib.
R.Məmmədov bildirdi ki, iddiaçı tərəf Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, Məryəm Məmmədova və Emil Məmmədov Nizami rayon məhkəməsinin 06 fevral 2009-cu il tarixli, 6(007)-7/09 saylı  qərarı ilə cavabdehlərin üzərinə qoyulmuş, mərhum Novruzəli Xanməmməd oğlu Məmmədovun müayinə və müalicə olunması vəzifələrinin icra olunmamasını (hərəkətsizliyi) yaşamaq hüququnun pozuntusu kimi  qanunsuz hesab edilməsi, həmçinin cavabdehlərin hərəkətsizliyi nəticəsində onlara dəymiş mənəvi ziyana görə 3.000.000 manat məbləğində təzminat ödənilməsi barədə iddia qaldırmışdılar.
Xatırladaq ki, talış dilində çıxan “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş  redaktoru Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib. N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

Previous Post

EYNULLA FƏTULLAYEVİN QAN ANALİZİNİN NƏTİCƏLƏRİ MƏLUM OLSA DA, AÇIQLAMA VERİLMİR

Next Post

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏSİ KOMİTƏSİNİN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.