AVROPA ŞURASININ NAZİRLƏR KOMİTƏSİ EYNULLA FƏTULLAYEVİN İŞİNİ MÜZAKİRƏ EDƏCƏK

Noyabrın 30-da Avropa Şurasının  (AŞ) Nazirlər Komitəsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaijan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi ilə bağlı müzakirələr aparacaq. Bu barədə bu gün (26 noyabr)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun vəkili Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, Nazirlər Komitəsi  həmin tarixdə Avropa Məhkəməsinin 22 aprel 2010-cu il  tarixində  Eynulla Fətullayevin dərhal azad olunması barədə qərarının  Azərbaycan hökuməti tərəfindən icra vəziyyəti, eləcə də baş redaktora qarşı irəli sürülmüş narkotik ittihamı ilə bağlı məsələyə münasibət bildirmək üçün toplantı keçirəcək.

 Xatırladaq ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır.

Onu da qeyd edək ki,E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu noyabrın 11-də bu qərarı qismən təmin etmək barədə qərar verib.

 

Previous Post

RƏHBƏRLİYİ ANS ŞİRKƏTLƏR QRUPUNDA APARILAN VERGİ YOXLAMALARI İLƏ BAĞLI MƏLUMAT YAYIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.