RƏHBƏRLİYİ ANS ŞİRKƏTLƏR QRUPUNDA APARILAN VERGİ YOXLAMALARI İLƏ BAĞLI MƏLUMAT YAYIB

Rəhbərliyi ANS şirkətlər qrupunda aparılan vergi yoxlamaları ilə bağlı açıqlama verib. Bu barədə bu gün (26 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) şirkətin  ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov məlumat verib.

Mais Məmmədov  vergi yoxlamalarının aparılmasının Vergilər Nazirliyinin  əsas funksiyası olduğunu və burada qəbahətli bir şeyin olmadığını bildirdi:

“Biz vergi müfəttişlərinə ANS-in şirkətlərində işləmək üçün bütün şəraiti yaratmışıq və hər şey işgüzar mühit və qarşılıqlı anlaşma şəraitində gedir. Belə olan halda,  Vergilər Nazirliyinin mətbuat xidmətinin ictimai açıqlamaları  şirkətin imic və işgüzar fəaliyyətinə ziyan vura bilər.  ANS şirkətlər qrupu Azərbaycanın media sahəsində ən iri vergi ödəyicisidir və yarandığı vaxtdan dövlətdən heç bir dotasiya almır, özünü maliyyələşdirmə yolu ilə işləyir, qanunvericiliyinə hörmət və diqqətlə yanaşır” – deyə M. Məmmədov qeyd etdi.

Xatırladaq ki, cari ilin noyabr ayının 13-dən Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti “ANS Kommers” və “ANS Press”  şirkətlərində 2007-ci ilin oktyabrından 2010-cu ilin sentyabr ayına qədər,  ANS şirkətində isə 2007-ci ilin noyabrından 2010-cu ilin oktyabrınadək olan dövrü əhatə edən səyyar vergi yoxlamasına başlayıb. Vergilər Nazirliyi (VN) yoxlamaya səbəb kimi  ANS şirkətlər qrupunun vergi orqanlarına təqdim etdiyi  bəyannamələrdə ziddiyyətli məlumatların  müəyyən edilməsi, eləcə də  VN-də vergi auditi məqsədilə tətbiq olunan risk modelləri əsasında kənarlaşma ehtimalının aşkar edilməsini göstərir.

 

Previous Post

“TURAN” EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİ MƏHKƏMƏYƏ VERİB

Next Post

AVROPA ŞURASININ NAZİRLƏR KOMİTƏSİ EYNULLA FƏTULLAYEVİN İŞİNİ MÜZAKİRƏ EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.