“DEMOKRATİK CƏMİYYƏTDƏ MEDİA: BEYNƏLXALQ VƏ YERLİ TƏCRÜBƏ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Bu gün (12 mart) Bakıda Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin və İnsan Hüquqlarının Tətbiqi üzrə Beynəlxalq İşçi Qrupunun təşkilatçılığı ilə “Demokratik cəmiyyətdə media: yerli və beynəlxalq təcrübə” mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komissiyasının sədri Əli Hüseynov referendum dövründə Konstitusiyanın 32-ci maddəsinə edilən dəyişikliyi və 1 ay bundan əvvəl KİV haqqında qanunlara edilən dəyişiklikləri mütərəqqi dəyişikliklər adlandıraraq bildirib ki, əslində bu dəyişiklik vətəndaşların şəxsi və ailə hüquqlarının toxunulmazlığının təmin edilməsi məqsədilə həyata keçirilib. Hüseynov bu dəyişikliyin 1 ay əvvəl aidiyyəti qanunvericiliklərə də edildiyini  dəyərək, heç bir problemin yaranmadığını qeyd etdi. Cinayət Məcəlləsində böhtan və təhqirə görə həbs nəzərdə tutan 147 (böhtan)  və 148-ci (təhqir) maddələrinin təcrübədə tətbiq olunmadığını, bu maddələrin sırf xəbərdarlıq xarakterli müddəalar kimi qanunvericilikdə saxlanıldığını qeyd etdi.
İREX-Azərbaycan təşkilatının nümayəndəsi, hüquqşünas-ekspert Ələsgər Məmmədli bu dəyişikliklərin hələ qüvvəyə minmədiyini və hansısa nəticələrin olub-olmaması bardə danışmağın tez olduğunu dedi. Onun sözlərinə görə, onsuz da mövcud olan ailə və şəxsi həyat hüququnun nəzərdə tutan maddələrə istisna kimi yalnız axtarış-əməliyyat tədbirləri zamanı video və foto çəkilişin qadağan edilməsini məhdudlaşdırıcı dəyişiklikdir. Ə.Məmmədli 2005-ci ildə cəmi 26 diffamasiya işinin olduğunu, sonrakı illərdə isə bu işlərin sayının artdığını xatırladaraq, bunun ciddi problem olaraq qaldığını bildirib.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun nümayəndəsi Rəsul Cəfərov “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin də ilkin olaraq CM-in 147-ci (böhtan) maddəsi əsasında həbs edildiyini xatırladaraq, artıq 2010-cu ildə diffamasiya ilə bağlı 3 işin olduğunu və bir jurnalistin həmin maddələrlə cəzalandırıldığını qeyd edib. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsinə toxunan Cəfərov baş redaktoru həbs etdirən şəxsin özünün hazırda həbsdə olduğunu, ona hökm oxumuş hakimin kobud qanun pozuntularına yol verdiyinə görə vəzifəsindən uzaqlaşdırıldığını deyərək, bu amillərin baş redaktorun xuliqanlığa görə deyil, məhz öz peşə fəaliyyətinə görə həbsə atıldığını dedi. Yeni media ilə bağlı məsələyə toxunan RATİ nümayəndəsi azadlıqdan məhrum edilən bloggerlər Emin Milli və Adnan Hacızadənin qeyri-qanuni olaraq həbs edildiyini, bunun məhkəmələrin gedişatında sübut olunduğunu iştirakçıların diqqətinə çatdırdı. O Azərbaycanda söz azadlığının vəziyyətinin qiymətləndirilməsi zamanı iştirakçıları bu istiqamətdə də müzakirələr aparmağa və bu kimi tendensiyaların nəzərə alınmasına çağırdı.
“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili ötən ilin mart ayında diffamasiyaya həbs olunduğunu deyərək həbsdən 1 gün sonra ölkə prezidentinin bu məsələyə müdaxiləsi ilə azadlığa buraxılmasının müsbət hal olduğunu bildirdi. Mətbuat Şurası ilə məhkəmə çəkişmələrinə toxunan A.Mərzili “reket qəzet” adlandırılmaları ilə bağlı sanksiyalara məruz qaldıqlarını bildirdi. O MŞ-nin qərarından sonra reklam verilməsində problemlərlə üzləşdiklərini bildirdi.
Azərbaycanın media ilə bağlı beynəlxalq təcrübəni öyrəndiyini bildirən Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi T.Allahyarova sosial şəbəkələr və bloqlarla bağlı yaranan problemin təcrübəsizliklə əlaqədar olduğunu bildirdi. O qeyd etdi ki,  Azərbaycan mediasında analitik yazıların əvəzinə heç bir faktlara əsaslanmayan yazılar geniş yayılıb. Rəsul Cəfərovun məhbus jurnalistlərlə bağlı çıxışına münasibət bildirən Tahirə Allahyarova onun dediklərində həqiqət olduğunu, lakin bir milyon qaçqının olması ilə müqayisədə bunun kiçik problem olduğunu bildirdi.
Norveç Jurnalistlər Birliyinin üzvü Kyetil Hanes Azərbaycanda çoxlu mətbu orqanın olmasını müsbət hal kimi qiymətləndirməklə yanaşı, 2 baş redaktor və 2 bloqqerin həbsdə olmasından təəssüfləndiyini bildirdi. Jurnalistləri hücumlardan qorumağın vacibliyini bildirən K.Hanes qəbul ediləcək  yekun qətnamədə bu məsələlərin qeyd olunmasını təklif etdi.
Məhkəmə təcrübəsi və statistik rəqəmlərə münasibət bildirən Ədliyyə Nazirliyinin nümayəndəsi Rahim Rəhimov səslənən fikirlərin həqiqəti əks etdirmədiyini və həbs olunan jurnalistlərin peşə fəaliyyətinə görə həbs olunmadığını bildirdi. O həmçinin məhkəmələrdə şərəf və ləyaqət məsələsinə dair işlərin azalmağa doğru getdiyini bildirdi.
Konfransın sonunda yekun qətnamə qəbul edildi.
 
Previous Post

“GƏNCLƏR KLUBU” BEYNƏLXALQ RESPUBLİKAÇILAR İNSTİTUTUNUN DİREKTORUNA MÜKAFAT TƏQDİM ETDİ

Next Post

ATƏT-İN SÖZ VƏ MEDİA AZADLIĞI ÜZRƏ YENİ NÜMAYƏNDƏSİ TƏYİN OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.