ELMAR HÜSEYNOVUN QƏTLİNİN 5-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI KONFRANS KEÇİRİLİB

Bu gün (01 mart) Azərbaycan Media Mərkəzində “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin 5 ildönümü ilə bağlı ongünlük tədbirlər planı çərçivəsində ilk konfrans keçirilib.

İlk çıxış edən “Elmar Hüseynov Fondu”nun həmtəsisçisi Şahbaz Xuduoğlu bildirdi ki, Elmar Hüseynovun qətlindən 5 il ötməsinə baxmayaraq, hələ də bu qətlin sifarişçiləri və icraçıları tapılmayıb.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev qeyd etdi ki, Elmar Hüseynovun qətlinin üstünün açılmamasını istər vətəndaş olaraq, istərsə də həmkar olaraq özünə qarşı təhqir kimi qəbul edir. “Əvvəllər bu qətlin hansısa xarici qüvvələr, yaxud daxili qruplaşmalar tərəfindən törədildiyini zənn edirdik. Lakin Azərbaycan iqtidarının bu məsələyə laqeyd münasibəti onu göstərir ki,  hakimiyyət bu cinayətin açılmasında maraqlı deyil və bu qətlin sifarişçisi prezidentə məlumdur” – deyə M.Əliyev vurğuladı.
Millət vəkili İqbal Ağazadə bildirdi ki, həm Elmar Hüseynovun qatillərinin tapılması, həm də həbsdə olan və Vicdan Məhbusu kimi tanınan Eynulla Fətullayev və Qənimət Zahidin azad olunması məsələsini parlamentin gündəliyinə salınmasına çalışacaq.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirdi ki, Elmar Hüseynovun qətlinin açılmaması vətəndaşların hüquq-mühafizə orqanlarına qarşı inamını azaldıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, 5 il keçməsinə baxmayaraq pessimist olmağa dəyməz. O, cinayətini üstünün açılacağına ümid etdiyini də qeyd etdi.
Jurnalist Tofiq Türkel isə Əflatun Amaşovun “pessimist olmaq lazım deyil” fikrinə etiraz edib. O qeyd etdi ki, Elmar Hüseynovun qətlindən sonra da azad sözə qarşı hücumlar daha da kəskinləşib və çox sayda jurnalist fiziki təzyiqə məruz qalsa da günahkarlar cəzalandırılmayıb.
Millət vəkili İkram İsrafil Elmar Hüseynovun xatirəsinin əbədiləşdirilməsi istiqamətində müəyyən işlərin görülməsinin zəruriliyini vurğuladı.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov bildirdi ki, Elmar Hüseynovun qətli ilə bağlı başlanılmış cinayət işində hansı yeniliklərin olması ilə bağlı bir müddət əvvəl Milli Təhlükəsizlik Nazirliyinə, Baş Prokurorluğa və İnterpolun Bakı Bürosuna informasiya sorğuları göndərilsə də, heç bir cavab verilməyib. O, qeyd etdi ki, qətldə  şübhəli bilinən Tahir Xubanov və Teymuraz Əliyevin tapılması istiqamətində İnterpol nəticə əldə etməyib.
Norveçin Azərbaycandakı səfiri Yon Ramberq də jurnalistin qətlinin üstünün açılmamasından təəssüfləndiyini bildirdi və Elmar Hüseynovu “Norveçin Dostu” adlandırdı.
Qeyd edək ki qətlə yetirilməsinin 5-ci ildönümü ilə bağlı , sabah saat 15.00-da Üçüncü Fəxri Xiyabanda həmkarları Elmar Hüseynovun məzarını ziyarət edəcəklər.
Xatırladaq ki,  2005-ci ilin mart ayının 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır.
 
Previous Post

ALİ MƏKTƏBDƏN XARİC EDİLƏN JURNALİST HƏRBİ XİDMƏTƏ ÇAĞIRILIB

Next Post

“ELMAR HÜSEYNOV ONGÜNLÜYÜ” ÇƏRÇİVƏSİNDƏ NƏZƏRDƏ TUTULAN TƏDBİRLƏRİN SİYAHISI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.