ALİ MƏKTƏBDƏN XARİC EDİLƏN JURNALİST HƏRBİ XİDMƏTƏ ÇAĞIRILIB

Bu gün (1 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Poliqon” İnformasiya Agentliyinin (pia.az) redaktoru Elmin Bədəlov təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunması və bu səbəbdən hərbi xidmətə çağırılması ilə bağlı mətbuat konfransı keçirdi.

Elmin Bədəlovun hüquqlarının müdafiə komitəsinin sədri, Ramin Hacılı bildirdi ki, tələbə-jurnalistin hüquqlarını müdafiə komitəsi yaradıldığı gündən bir çox nailiyyətlər əldə edib. O həmçinin bu sahədə lazımi səylərin davam ediləcəyini deyərək, hüquq müdafiəçilərinə çoxsaylı müraciətlərin ediləcəyini və məsələnin beynəlxalq müstəviyə çıxarılacağını qeyd etdi.
Daha sonra  çıxış edən E.Bədəlov təhsil  hüququnun bərpa edilməsi üçün müraciət etdiyi  aidiyyəti qurumlardan hələ də  müsbət nəticə əldə etmədiyini dedi. E.Bədəlov bildirdi ki, məhkəmənin tarixi mətbuata çıxandan sonra fevral ayının 27-də qeydiyyatda olduğu Biləsuvar rayonun  prokurorluğundan zəng edilərək, ona hərbi xidmətə çağırılmasını bildiriblər.
Xatırladaq ki, Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edərək,  pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün 17 fevralda Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Qeyd edək ki, RATİ E.Bədəlovun kəsildiyi imtahanların xüsusi komissiya ilə təkrar keçirilməsi ilə bağlı Təhsil Nazirliyinə və ADNA rəhbərliyinə yazılı müraciət edib. Müraciətə əsasən Təhsil Nazirliyindən RATİ-yə bildirilib ki, E.Bədəlov 3 kəsiri olduğuna görə ADNA-dan xaric olunub. Nazirliyin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayevin imzaladığı cavab məktubunda təkrar imtahanın keçirilməsi ilə bağlı isə heç nə qeyd edilməyib.
Previous Post

BAŞ REDAKTOR TƏXRİBATA MƏRUZ QALDIĞINI BİLDİRİB

Next Post

ELMAR HÜSEYNOVUN QƏTLİNİN 5-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI KONFRANS KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.