“XURAL” QƏZETİNİN FƏALİYYƏTİNƏ HEÇ BİR HALDA İMKAN VERİLMİR

noyabr 22nd, 2011
Bu gün (21 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) “Xural” qəzetinin əməkdaşları qəzetin  həbsdə olan baş redaktoru Əvəz Zeynallının həbsi və qəzetin nəşrinə qoyulan qadağalarla bağlı mətbuat konfransı keçirdilər.

Qəzetin əməkdaşı Nurəddin Xoca baş redaktorun həbs edilməsini  qanunsuz  hesab etdiyini və həmçinin qəzetin nəşrinə yaradılan maneələr barədə tədbir iştirakçılarına məlumat verdi:  “Xural” qəzetinin nəşrinə qoyulan qadağa qanunsuzdur. Biz bu qanunsuzluqlara qarşı mübarizə aparacağıq. Baş redaktorumuz əvəz Zeynallının da saxlanma şəraiti ağırdır. O hələ də soyuq kamerada saxlanılır.
“Xural” qəzetinin redaktoru Anar Mahmudoğlu isə  bildirdi ki, bütün mətbəələr  faktiki olaraq, oktyabr ayının 20-dən etibarən “Xural” qəzetinin çapından imtina edirlər.
“Biz noyabrın 4-də Ədliyyə Nazirliyinə “Yeni Xural” qəzeti başlığı altında qəzet nəşr etmək barədə müraciət etmişdik. Noyabrın 5-də özlərini  MTN-nin  əməkdaşı kimi təqdim edən şəxslər mətbəələrə  baş çəkərək, “Yeni Xural” adlı qəzetin çap edilməməyi barədə tapşırıq veriblər. Habelə 17 gündür ki,  biz “Yeni Xural” qəzetinin hüquqi şəxs kimi qeydiyyata alınmağı üçün Ədliyyə Nazirliyinə müraciət etmişik. Amma bu günə qədər bizim müraciətimizə cavab verilməyib”, – deyə qeyd edən A. Mahmudoğlunun sözlərinə görə, qəzetimizin əməkdaşları – Nizami Həsənli, Kamran Zamanov və Nurəddin Xoca davamlı olaraq izlənilir və təqib olunurlar.
Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prerezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəməı cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrən 19-da “Xural” qəzetinin əmlakı müsadikrə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb.
Oktyabrın 28-də Nəsimi Rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamı saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.