YAZIÇI-JURNALİST RAFİQ TAĞIYA SUİ-QƏSD EDİLDİ

Yazıçı-jurnalist  Rafiq Tağı noyabrın 19-u axşam saatlarında işdən çıxaraq evə gedərkən, evinin yaxınlığında  bıçaqlanıb.

Qardaşı Alim Tağının RATİ-yə verdiyi məlumata görə, R.Tağını 6 bıçaq yarası alıb və onu vuran şəxs hadisə yerindən qaçandan sonra yazıçı-jurnalist özü evinə gedib və təcilli tibbi yardıma zəng edib. Bundan sonra o 1 saylı Bakı şəhər Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun üzərində saat 23 radələrindən başlanan cərrahiyə əməliyyatı səhər saat 6.00-da başa çatıb.
 Əməliyyatda iştirak edən cərrahlardan biri,  Abbas Abbasov jurnalistlərə bildirib ki, ölüm təhlükəsi olmasa da Rafiq Tağının vəziyyəti kifayət qədər ağırdır. Bunun əsas səbəblərindən biri odur ki, xəstə çoxlu qan itirib, çünki hücumdan sonra özü evə gəlib, telefonla danışıb və bütün bu müddət ərzində bədənində güclü qanaxmalar olub. Cərrah deyib ki, əməliyyat çox gərgin olub. Çünki xəstənin bədənində 6 bıcaq deşiyi var.
Cərrahiyyə əməliyyatından sonra isə həkim A.Abbasov  “Azadlıq” radiosuna bildirib ki,  yaralar kifayət qədər ağır zədələr törədib. R.Tağının 2 qabırğası sınıb, mədəsi, diafraqması zədələnib, dalağını isə ümumiyyətlə çıxartmağa məcbur olublar.  

Rafiq Tağının vəziyyətinin ağır olduğunu bildirən Abbasov, daha çox diafraqmanın zədələnməsindən qayğılandığını deyib. "Onu suni nəfəs sistemindən ayırandan sonra vəziyyətə daha aydın qiymət vermək mümkün olacaq",  – deyə Abbasov əlavə edib.

Azərbaycan Respublikası Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, noyabrın 19-da saat 22 radələrində Bakı şəhəri 8 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim işləyən Tağıyev Rafiq Nəzir oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə Klinik Tibb Mərkəzinə daxil olub(qafqazinfo.az). Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə polis və prokurorluq orqanlarının təcrübəli əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb.  “Müəyyən edilib ki, qeyd edilən tarixdə Rafiq Tağıyev işdən evə gedərkən yaşadığı evin yaxınlığında naməlum şəxs ona bıçaqla coxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilib. İşin istintaqı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə hazırda hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir”, – deyə məlumatda bildirilir.
Hazırda R.Tağı Kliniki Tibbi Mərkəzin cərrahiyə şöbəsində müalicəsini davam etdirir.
Qeyd edək ki, ixtisasca həkim olan və Bakı şəhəri 8 saylı  Təcili Yardım Stansiyasında işləyən Rafiq Tağı Azərbaycanda tanınmış yazıçı-jurnalistlərindəndir. Onun publisistik yazıları dəfələrlə cəmiyyətdə ciddi polemikalara səbəb olub. Son vaxtlar o www.kulis.az-la əməkdaşlıq edir. Son  olaraq R.Tağının bu portalda  2011-ci il noyabrın 11-də dərc etdirdiyi  İran İslam Respublikası hökumətini və İslam Respublikasının ali dini rəhbərini sərt tənqid edən “İran və qloballaşma qaçılmazlığı”  məqaləsidir.

Xatırladaq ki, 2006-ci ilin noyabrı ayında  isə işlədiyi "Sənət" qəzetində çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə R.Tağı həbs edilib. Dindarlar onun bu məqalədə Məhəmməd peyğəmbərin ünvanına  xoşagəlməz ifadələr işlətməkdə, xristian dəyərlərini islamdan üstün tutmaqda ittiham edirdilər. Yazıya görə İranda ayətullah-uzma Fazil Lənkərani onun ölümünə fitva da vermişdi.
 
Bu məqaləyə görə milli, irqi və dini düşmənçiliyi qızışdırmaq ittihamı ilə Rafiq Tağı 3 il, qəzetin redaktoru Samir Sədaqətoğlu isə 4 il müddətinə azadlıqdan məhrum edildmişdi. Amma onlar 8 aydan sonra prezidentin əfv fərmanı ilə azadlığa çıxdmışdılar.

Previous Post

“XURAL” QƏZETİNİN FƏALİYYƏTİNƏ HEÇ BİR HALDA İMKAN VERİLMİR

Next Post

RATİ-NİN JURNALİST-YAZIÇI RAFİQ TAĞIYA OLAN SUİ-QƏSDLƏ BAĞLI BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.