Bu gün (2 iyul) Səbail rayon Məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə jurnalist Zülfüqar Xeyirxəbərə fiziki xəsarətlər yetirmiş Əziz Əhmədova qarşı Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi üzrə məhkəmə prosesi keçirildi.
Prosesdə zərərçəkən Zülfüqar Xeyirxəbərin nümayəndəsi Fariz Namazlı, təqsirləndirilən şəxs Əziz Əhmədov və dövlət ittihamçısı Əhməd Cəfərov iştirak edirdilər.
Zərərçəkmişin nümayəndəsi F.Namazlı ötən hazırlıq iclasında “Karvan” çay evinin inzibatçısı Zaur Qafarov və hadisə yeridə olaraq jurnalistə zor tətbiq etmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşının da təqsirləndirilən şəxs qismində cəlb olunması və Cinayət Məcəlləsinin 163-cü (jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma), həmçinin FHN-in əməkdaşının Cinayət Məcəlləsinin 309.2 (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddələri ilə məsuliyyət cəlb olunması barədə vəsatətini bir də xatırlatdı. Dövlət ittihamçısı Ə.Cəfərov bildirdi ki, vəsatətin müzakirəsi üçün əvvəlcə zərərçəkən Z.Xeyirxəbərin özünün prosesdə iştirak etməsi və zərərçəkənlə bir sıra məsələlərin müzakirə edilməsi lazımdır.
Daha sonra təqsirləndirilən şəxs Əziz Əhmədov ifadə verdi. O, Z.Xeyirxəbərə yumruq vurduğunu etiraf etdi və əməlindən peşman olduğunu vurğuladı.
Prosesdə şahid qismində Z.Xeyirxəbəri və hadisədə iştirak etmiş şəxsləri polis bölməsinə aparmış Səbail rayon Polis İdarəsinin əməkdaşları Zamiq Hacıyev və Arif İsmayılov ifadə verdilər və tərəflərin suallarını cavablandırıblar.
Hakim K. Əmirxanova növbəti prosesi 9 iyul saat 11:00-a təyin etdi.
Xatırladaq ki, 18 fevral 2010-cu il tarixində, həmin vaxt “SalamNews” agentliyində müxbir işləyən Zülfüqar Xeyirxəbər “Karvan” çay evində baş vermiş partlayışla bağlı məlumat hazırlamaq istəyərkən fiziki təzyiqə məruz qalıb. Özünü kafenin sahibi kimi təqdim edən Zaur Qafarov onu təhqir edib və peşə fəaliyyətini yerinə yetirməyə mane olub. Daha sonra isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı onu itələyə-itələyə ərazidən kənarlaşdırmaq istəyib. Bu zaman orada olan Əziz adlı şəxs ona zərbə endirib.