“NONSENS” QƏZETİNİN MÜXBİRİ HƏDƏLƏNDİYİNİ BİLDİRİR

dekabr 8th, 2009
“Nonsens” qəzetinin Aran bölgəsi üzrə müxbiri İlham Süleymanovun hədələrə məruz qalması ilə bağlı  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat daxil olub.

“Nonsens” qəzetinin təsisçisi və baş redaktoru Fikrət Fərəməzoğlu sözlərinə görə, qəzetin müxbiri İ. Süleymanov rayonun Mollavaizli kəndinin bir qrup sakinin şikayətinə əsasən yazdığı “Rayon sakinləri etiraz edir” başlıqlı məqalədə rayonda baş verən özbaşınalıq hallarını əks etdirib:
“Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarov həmin sakinləri yanına çağıraraq onlara hədə-qorxu gəldikdən sonra qəzetimizin müxbirinin əleyhinə sakinlərdən ifadə alıb. Bu ifadəyə əsasən əməkdaşımız rayon prokurorluğuna çağırılıb. İ. Süleymanov həmin sakinlərin şikayət məktubunu prokurorluğa təqdim edib” – deyən F. Fərəməzoğlu qeyd edib ki, bundan sonra prokurorluqda müxbirə bir daha Saatlı rayonu haqqında tənqidi məqalələr yazmaması barədə hədə-qorxu gəlinib.
Məsələ ilə bağlı Saatlı rayon Prokurorluğunun dəftərxana müdiri xanım Ağayeva (adını söyləməkdən imtina etdi) prokurorluğun səlahiyyətli şəxslərilə əlaqə yaratmaqdan imtina etdi və belə bir faktın olmadığını, jurnalistin prokurorluğa çağırılmadığını dedi. Saatlı rayon İcra Hakimiyyətinə dəfələrlə edilən zənglərə isə cavab verilmədi.
Qeyd edək ki, “Nonsens” qəzeti 2009-cu ilin iyul ayında fəaliyyətə başlayıb və həftədə bir dəfə çap olunur.