ELMİN BƏDƏLOVUN ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (26 yanvar) Nəsimi rayon Məhkəməsində hakim Xumar Mərdanovanın sədrliyi ilə   Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş tələbə Elmin Bədəlov ADNA-ya və onun rektoru Siyavuş Qarayevə qarşı ikinci məhkəmə iddiası üzrə məhkəmə prosesi keçirilib. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E. Bədəlovun özü məlumat verib.

Onun sözlərinə görə, prosesdə özü və nümayəndəsi Fariz Namazlı, cavabdeh qismində isə vəkil  İlqar Cavadov və ADNA-nın neft-mexanika fakültəsinin dekanı Qasım Məmmədov iştirak edirdilər.

E. Bədəlov prosesdə ADNA rəhbərliyinin onun təhsil hüquqlarını pozduğunu bildirib. “Mənin ADNA-ya bərpa olunmağım üçün verdiyim ərizəyə 2010-cu il sentyabrın 13-də müəllimlər tərəfindən baxılıb və həmin iclasın protokolu tərtib edilərək məhkəməyə təqdim edilib. Amma protokolda mənim fikirlərimin heç biri yox idi. Mən buna etiraz etdim və  akademik borcu olan tələbənin təhsil aldığı ali məktəbə bərpa olunması barədə Təhsil Nazirliyinin təlimatının sürətinin cavabdeh tərəfindən məhkəməyə təqdim etməsi barədə vəsatət qaldırdım” – deyə qeyd edən Bədəlovunn sözlərinə görə, cavabdeh tərəfin vəkil İlqar Cavadov əsasən onun mətbuatda yazdığı yazılar haqqında danışıb və onun ali məktəbə savadının az olduğuna görə bərpasının mümkün olmadığını bildirib.

Hakim növbəti prosesi 2 fevral saat 14:00-a təyin edib.

Qeyd edək ki, E. Bədəlov hal-hazırda “Yeni Müsavat” qəzetinin əməkdaşıdır.

            Xatırladaq ki,  “Yeni müsavat” qəzetinin əməkdaşı  Elmin Bədəlov 19 yanvar 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasından xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə təhsil müəssisəsindəki rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında  “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edir. Pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasına və  rektor Siyavuş Qarayevə qarşı iddia qaldırsa da, 05 aprel 2010-cu ildə iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarılıb. 2 iyul 2010-cu il tarixində Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin 5 aprel 2010-cu il tarixli qərarının qüvvədə saxlayaraq, şikayəti təmin etməyib. Ali Məhkəmə 23 noyabr 2010-cu il tarixində kassasiya şikayətinin təmin edilməməsi barədə qərar verib.

Previous Post

JURNALİSTLƏR 4 HƏFTƏLİK TRENİNQLƏRƏ DƏVƏT EDİLİR

Next Post

BBC-NİN AZƏRBAYCAN XİDMƏTİ YALNIZ İNTERNETDƏ YAYIMLANACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.