BAŞ REDAKTORUN İŞGƏNCƏYƏ MƏRUZ QALMASI İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ BAŞLANDI

Bu gün (16 yanvar) Nəsimi rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə “Demokrat” qəzetinin baş redaktoru Mustafa Hacıbəylinin Nəsimi rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətova qarşı iddiasına əsasən məhkəmə prosesi keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun özü məlumat verib.

M. Hacıbəyli bildirib ki, vəkili Nemət Kərimli ilk olaraq  ittiham tərəfin şahidlərinin dindirilməsi barədə vəsatət qaldırıb. Nəsimi Rayon Prokurorluğunun nümayəndəsi Musa Hacıyev bildirib ki, ilkin araşdırma zamanı şahidlər Mustafa Hacıbəylinin işgəncəyə məruz qaldığını təsdiqləyiblər.  Odur ki, şahidlərin təzədən dindirilməsinə ehtiyac yoxdur və tərəflər bu məsələ ilə bağlı razılığa gəliblər. Bu səbəbdən də vəsatət təmin olunmayıb.

Digər vəsatət isə məhbusların gəzinti yerlərində quraşdırılmış müşahidə kameralarının qeydə aldığı videolara baxış keçirilməsi barədə olub. Hakim bu vəsatəti təmin edib və növbəti proses 23 yanvar saat 17:00-a təyin edilib.

Xatırladaq ki,  2011-ci il aprelin 2-də İctimai Palatanın Bakıda keçirdiyi aksiyada  “Demokrat” qəzetinin baş redaktoru Mustafa Hacıbəyli tutularaq Nəsimi Rayon Polis İdarəsinə aparılıb və orada idarənin rəis müavini Süleyman Nemətov tərəfindən  fiziki təzyiqə məruz qalıb. Baş redaktor sərbəst buraxıldıqdan sonra işgəncə faktına görə cinayət işi qaldırılması üçün Nəsimi Rayon Prokurorluğuna müraciət etsə də prokurorluq  Nemətova cinayət işi qaldırmaqdan imtina edib. Bundan sonra Daxili İşlər Nazirliyi Nəsimi Rayon Prokurorluğunun müraciəti əsasında araşdırmalara qoşulub. M. Hacıbəyli işin obyektiv araşdırılmadığını düşünərək, məhkəməyə müraciət edib və Süleyman Nemətova cinayət işi qaldırmasını tələb edir.

 

Previous Post

TAKSİ SÜRÜCÜLƏRİNİN AKSİYASINDA JURNALİSTƏ TƏZYİQ FAKTI QEYDƏ ALINDI

Next Post

İRANLI YAZARLARIN KİTABI ÇAP OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.