STREKALİNİN İŞİ ÜZRƏ MƏHKƏMƏ İSTİNTAQI BAŞA ÇATDI

Bu gün (09 iyul) Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlili (Xəlilov) bıçaqlamaqda təqsirləndirilən Sergey Strekalinin məhkəmə prosesi keçirilib.

Proses Aqil Xəlilin vəkili Elçin Sadıqovun vəsatətlər verməsi ilə başladı. Sadıqov istənilən şəxsin mobil telefonuna köhnə tarixlə sms göndərməyin mümkün olduğunu və bunun iki sayt – izon.ru və yacoon.tk vasitəsilə həyata keçirildiyini vurğuladı və bununla bağlı hazırlanmış sənədi hakimə təqdim etdi. Sadıqov həmin sənədlərin sübutlar siyahısına əlavə edilməsini və sübut kimi qiymətləndirilməsini hakimdən xahiş etdi.
Dövlət ittihamçısı isə cinayət işinin materialları arasında köhnə tarixlə sms göndərməyin mümkün olmadığını göstərən rəyin olduğunu qeyd etdi. Sadıqov isə bildirdi ki, həmin rəyin özündə qeyd edilir ki, köhnə tarixlə sms göndərmək “bir qayda olaraq” mümkün deyil. “Bir qayda olaraq ifadəsinin olması göstərir ki, burada istisnalar ola bilər. Mən həmin rəyi vermiş ekspertin məhkəməyə dəvət edilməsi və həmin ekspertin bir qayda olaraq ifadəsinin nə mənada işlədilməsinin izah etməsi ilə bağlı vəsatət verirəm”, – deyə vəkil vurğuladı.
Aqil Xəlil də hakimdən söz alaraq bildirdi ki, başqa şəxslərin telefonuna sms göndərmək mümkündür. Xəlil onun əsgərlik yoldaşı İsmayılov Kənanın telefon nömrəsindən “Azadlıq” qəzetinin əməkdaşı Fikrət Hüseynlinin adından bir sıra ziyalılara və redaktorlara göndərilən sms-ləri xatırlatdı.(http://www.irfs.az/content/view/588/28/lang,az/)

Əvvəlki proseslərdə olduğu kimi dövlət ittihamçısı və Strekalinin vəkili vəsatətlərə qarşı çıxış etdikdən sonra hakim onların heç birini təmin etmədi.
 Bundan sonra cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə başlanıldı. Hakim telefon danışıqlarının alınması üçün çıxarılmış məhkəmə qərarlarını, müstəntiqin qərarlarını, üzləşdirmə protokollarını, ekspertiza rəylərini, istintaq eksperimenti ilə bağlı protokolları məhkəmə iştirakçılarının diqqətinə çatdırdı.
 Sadıqov konkret telefon danışıqlarının və göndərilən sms-lərin çıxarışlarının Baş Prokurorluğa MTN tərəfindən göndərildiyini və bunun anlaşılmaz olduğunu vurğuladı. Məhkəmə qərarlarının yalnız Baş Prokurorluğun müstəntiqlərinin vəsatətləri əsasında çıxarıldığını deyən vəkil çıxarışların “Azercell” BM tərəfindən MTN-ə göndərilməsini şübhəli məqam adlandırdı.
 Hakim məhkəmə istintaqının bitdiyini elan etdi və tərəflərdən çıxış üçün vaxtın lazım olub-olmaması ilə maraqlandı. Tərəflər vaxt istədiyindən növbəti proses 14 iyul saat 10.30-a təyin olundu.      
Foto:
http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,76/

Video:http://www.youtube.com/watch?v=vywpWYqYoxk&eurl=http://www.irfs.az/content/blogcategory/15/31/

Previous Post

VƏKİL ƏLAİF HƏSƏNOV MİRZƏ SAKİTLƏ GÖRÜŞMƏK İSTƏYİR

Next Post

“İnkişaf” sosial-iqtisadi araşdırmalar mərkəzinin mətbuat konfransı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.