Vəkil Əlaif Həsənov yenidən “Azadlıq” qəzetinin həbsdə olan əməkdaşı Mirzə Sakitin (Sakit Zahidov) hüquqlarının müdafiəsi ilə məşğul olacaq.
Məlumatı RATİ-yə vəkilin özü verib.
”Mən Mirzə Sakitlə görüşmək üçün bu gün (09 iyul) Penitensiar Xidmətə müraciət etmişəm. Müsbət cavab gələn kimi onunla görüşəcəyəm”, – deyə qeyd edən vəkil M. Sakitin müdafiəsinə qoşulmasının da səbəbsiz olmadığını deyib: “Mətbuatda gedən xəbərlərdə onun vaxtından əvvəl azad olunması üçün vəsatət qaldırılmasının vacib olduğu qeyd edilir. Habelə qəzetlərdə yayılan məlumatlarda onun səhhətində problemlərin olması və yazdığı şikayətlərin lazımi ünvanlara çatmamağı barədə də xəbərlərə rast gəlirəm. Ona bu işlərdə kömək lazımdır”.
Xatırladaq ki, 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən M. Sakit 2006-cı il iyunun 23-də cibinə narkotik maddə atılmaqla şərlənərək 3 il müddətinə azadlıqdan məhrum edilib.