EYNULLA FƏTULLAYEVİN CİNAYƏT İŞİ ÜZRƏ MƏHKƏMƏ İSTİNTAQI YEKUNLAŞIB

Bu gün (16 iyun) Qaradağ rayon məhkəməsində hakim İsmayıl Xəlilovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və  “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Hakim prosesdən öncə tərəflərin iştirakı ilə 12 saylı Cəzaçəkmə müəssisəsinə baxış keçirilməsi barədə məlumat verdi.
Prosesdə E. Fətullayev 2009-cu il dekabrın 20-də özünə qarşı təxribat hazırlandığı ilə bağlı “mediaforum.az” saytında dərc olunmuş məqaləni, Milli Məclisin sədri Oqtay Əsədovun və Milli Məclisin insan hüquqları Komitəsinin rəhbəri Rəbiyyət Aslanovanın özü ilə bağlı  səsləndirdiyi fikirlərin yer aldığı məqalələri cinayət işinə əlavə olunması üçün hakimə təqdim etdi.
Daha sonra Fətullayev ibtidai istintaqa verdiyi ifadələrlə bağlı çıxış etdi. Həbsxanada baş vermiş narkotik təxribatının Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirildiyini qeyd edən Fətullayev, bu qənaətə MTN-in zabiti Akif Çovdarovla söhbətdən sonra gəldiyini vurğuladı.  “Hələ Avropa Məhkəməsinin qərarı çıxmamışdan öncə mənimlə görüşən Akif Çovdarov, bu qərarın icra olunmayacağını və həbs müddətini sona qədər çəkəcəyimi bildirdi” – deyə Fətullayev qeyd etdi.
E. Fətullayev hələ 2007-ci ildə həbs olunmasının səbəbi kimi, “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun ölümü ilə bağlı araşdırma aparması, Elmar Hüseynovun qətlində şübhəli bilinən Tahir Xubanov və Teymuraz Əliyevlə Tbilisi şəhərində görüşərək, bu barədə ictimaiyyətə məlumat verməsi olduğunu bildirdi.
Vəkili İsaxan Aşurov isə Fətullayevin həbsinin və 12 saylı cəzaçəkmə müəssisəsində onun üzərində axtarış aparılmasının qanunsuz olduğunu bildirdi. O, əvvəlki həbslə bağlı Avropa Məhkəməsinin qərarı olduğunu xatırladaraq əlavə etdi ki, hazırkı cinayət işinin ləğv olunmasına da əsas var. “Dövlət ittihamçısı məhkəmə qərarı olmadan Fətullayevin üzərində qanunsuz axtarış aparıldığını əsas gətirərək ittihamdan imtina edə bilər” –   deyə vəkil bildirib.
Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşdığını deyən prokuror Elçin Nağıyev bunun icra olunacağını bildirsə də, hazırkı cinayət işinin fərqli bir məsələ olduğunu əlavə etdi.
Hakim məhkəmə istintaqının başa çatdığını və son çıxışlar üçün növbəti prosesin 23 iyun saat 11:00-a təyin edildiyini bildirdi.
Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.
Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.
2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

JURNALİST NATİQ ƏDİLOV FİZİKİ TƏZYİQƏ MƏRUZ QALMASI İLƏ BAĞLI POLİSƏ ŞİKAYƏT EDİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.