JURNALİST NATİQ ƏDİLOV FİZİKİ TƏZYİQƏ MƏRUZ QALMASI İLƏ BAĞLI POLİSƏ ŞİKAYƏT EDİB

Bu gün (16 iyun) “Azadlıq” qəzetinin müxbiri Natiq Ədilovun fiziki təzyiqə məruz qalması ilə bağlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat daxil olub.

RATİ-nin Qaynar Xəttinə məlumat verən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid N.Ədilovun Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsində olduğunu deyib. Dərhal  8-ci polis bölməsinə gedən RATİ əməkdaşları bölmənin baş tədqiqatçısı, polis kapitanın Vüqar Nəsirovun otağında N.Ədilovla görüşüblər.
Baş tədqiqatçı RATİ əməkdaşına bildirib ki, N.Ədilov fiziki təzyiqə məruz qalması ilə bağlı 102 xidmətinə məlumat verib. “Həm Natiq Ədilov, həm də aralarında insident yaşandığı bildirilən vətəndaş Əzizov Yalçın Səlyəddin oğlu ərizə ilə müraciət ediblər. N.Ədilov fiziki zora məruz qaldığını bildirdiyinə görə, ona məhkəmə tibbi ekspertizasından keçməsi üçün göndəriş veriləcək” – deyən V.Nəsirov əlavə etdi ki,  məsələ araşdırıldıqdan sonra hüquqi qiymət veriləcək.
N.Ədilov bildirib ki, bu gün saat 14.00 radələrində Eynulla Fətullayevin məhkəməsinə getmək üçün “20-ci sahə”də avtobus gözləyərkən, dayanacağın yaxınlığındakı tut ağacından bir yarpaq qoparıb. “Bu zaman bir şəxs mənə yaxınlaşaraq, yarpağı qopardığıma görə irad bildirməklə yanaşı, mənə hücum etdi. Sifətimə yumruq, ayağıma təpiklə zərbə endirdi. Ondan aralandım və dərhal “102” telefon xidməti vasitəsilə polisə məlumat verdim” – deyən N.Ədilov əlavə etdi ki, daha sonra 8-ci polis bölməsinə gələrək ərizə ilə müraciət edib və aldığı xəsarətlərə görə məhkəmə tibbi ekspertizasıdan keçəcək. N.Ədilov hadisənin təsadüf nəticəsində baş verdiyini deyərək,  peşə fəaliyyəti ilə əlaqədar təxribat ehtimalının olmadığını vurğuladı.
Əzizov Yalçın Səlyəddin oğlu da RATİ-yə bildirib ki, N.Ədilovla aralarında mübahisənin ağacı qırmasına görə yarandığını deyib. “Mən ona irad bildirəndə o, jurnalist olduğunu dedi və məni təhqir edərək, başıma oyun açacağı ilə hədələdi” – deyən Y.Əzizov N.Ədilovu döymədiyini, sadəcə itələşdiklərini vurğuladı.
Xatırladaq ki, “Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

AŞPA MEDİA AZADLIĞININ YAXŞILAŞDIRILMASI İLƏ BAĞLI AZƏRBAYCAN HÖKUMƏTİNƏ ÇAĞIRIŞLAR EDİR

Next Post

EYNULLA FƏTULLAYEVİN CİNAYƏT İŞİ ÜZRƏ MƏHKƏMƏ İSTİNTAQI YEKUNLAŞIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.