“AZADLIQ” QƏZETİNƏ QARŞI İDDİA ÜZRƏ MƏHKƏMƏ ARAŞDIRMASI SONA ÇATDI

Bu gün (01 avqust) Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə “Azadlıq Hərəkatçıları” Birliyinin “Azadlıq” qəzetinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Proses Birliyin sədri Təhmasib Novruzovun çıxışı ilə başladı. Çıxışı zamanı o iddia üzrə yekun qərar çıxarılana qədər “Azadlıq” qəzetinin nəşrinin və yayımının dayandırılması barədə qərardadın çıxarılması barədə vəsatət qaldırdı. Novruzovun digər vəsatəti ondan ibarət oldu ki, AXCP sədri Əli Kərimli şahid kimi məhkəmə prosesinə dəvət edilsin. “Cavabdeh tərəfin təqdim etdiyi sənədlər arasında Əli Kərimlinin imzası ilə olan yazılı sənəd var. Mən bu sənəddəki məlumatların böyük hissəsi ilə razılaşmıram və Ə.Kərimliyə suallarım olduğu üçün onun məhkəməyə gəlməsini istəyirəm”.
    “Azadlıq” qəzetinin baş direktoru A.Əhmədov və qəzetin hüquqlarını müdafiə edən vəkil E.Sadıqov qəzetin nəşrinin və yayımının dayandırılması barədə vəsatəti tamamilə əsassız hesab etdilər. Sadıqov çıxışında bu cür qərarın senzura olacağını, senzuranın isə qanunvericiliklə qadağan edildiyini bildirdi. Vəkil Ə.Kərimlinin imzası ilə təqdim olunan sənədin onun sorğusuna verilən cavab məktubu olduğunu qeyd etdi.
    Bundan sonra qısa müddətli müşavirəyə gedən hakim qəzetin nəşrinin və yayımının dayandırılması ilə bağlı vəsatəti təmin edilməməsi barədə qərardad çıxardı, Ə.Kərimlinin şahid kimi dəvət edilməsinin isə iddiaçı tərəfin özünün həyata keçirməli olduğunu vurğuladı.
Bundan sonra hakim məhkəməyə təqdim edilən yazılı sübutları élan etdi və heç bir tərəfin əlavəsinin olmadığını öyrəndikdən sonra məhkəmə baxışının bitdiyini dedi. Tərəflər son çıxışlarını etdilər.
    T.Novruzov iddiasının tam şəkildə təmin olunmasını məhkəmədən xahiş etdi. A.Əhmədov və E,Sadıqov isə iddianı tam əsassız və absurd iddia adlandırdılar. Vəkil T.Novruzov tərəfindən onun “Azadlıq” qəzetinin təsisçisi olduğunu göstərən hər hansı bir sənədin məhkəməyə təqdim edilmədiyini vurğuladı.
    Hakim tərəfləri dinlədikdən sonra 05 avqust saat 10.00-da qərarın élan olunacağını bildirdi.
Previous Post

MÜSTƏQİL HƏRBİ SAYTIN FƏALİYYƏTİNƏ ƏNGƏL TÖRƏDİLİR

Next Post

APELLYASİYA MƏHKƏMƏSİ AQİL XƏLİLİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.