JURNALİSTLƏRİN MÜDAFİƏ KOMİTƏSİ EYNULLA FƏTULLAYEVLƏ BAĞLI NÖVBƏTİ BƏYANATINI VERİB

may 17th, 2010
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin məhkəməsinin gedişatı ilə bağlı bəyanat verib.

JMK bəyanatda Azərbaycan hakimiyyətini jurnalist Eynulla Fətullayevə qarşı yeni saxta ittiham üzrə məhkəmə prosesində yalançı şahidlərin ifadələrindən ibarət “tamaşaya” son qoymağa çağırıb.

“Biz Azərbaycan hakimiyyətini Eynulla Fətullayevə qarşı yeni ittihamlarla bu saxtakarlığa, Avropa İnsan Hüquqları Məhkəməsinin icrası məcburi olan qərarına qarşı etinasızlığa son qoymağa və jurnalisti birdəfəlik azad etməyə çağırırıq” – deyə JMK-nin Avrasiya proqramının koordinatoru Nina Oqnyanova bildirib.

“Artıq bütün dünya bilir ki, bu proses yalnız Avropa Məhkəməsinin qərarına baxmayaraq, jurnalistin həbsdə saxlanması məqsədilə təşkil edilmiş, pis tərtib olunmuş tamaşadır. Fətullayevin həbsdə keçirdiyi hər gün Bakının beynəlxalq tərəfdaş kimi çoxdan korlanmış nüfuzunu daha çox sarsıdır” – deyə Oqnyanova bildirib.