FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN ƏMƏKDAŞLARI JURNALİSTƏ TƏZYİQ EDİB

Dünən (16 may) Sabirabad rayonunda – təbii fəlakət bölgəsindən Böyük Britaniyanın Hərb və Sülh İcmalları İnstitutu (www.iwpr.net) üçün reportaj hazırlayarkən “Ayna”-“Zerkalo” qəzetlərinin və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasov Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təzyiqinə məruz qalıb.

Bu barədə RATİ-nin Qaynar Xəttinə  hadisə yerindən İ.Abbasovun özü məlumat verib. Jurnalistin verdiyi məlumata görə, ona Sabirabad şəhər stadionunda, şəhərin 2 saylı məktəbində yerləşdirilmiş  evləri su basmış əhali ilə söhbət etməyə, onların sosial durumları ilə tanış olmağa imkan verilməyib. Fövqəladə Hallar  Nazirliyinin əsgərləri  jurnalisti zorla ərazidən kənarlaşdırıblar.

Daha sonra su altında qalmış Şıxlar kəndinin girişində jurnalist yerli əhali ilə FHN əməkdaşlarının mübahisəsini foto lentə alarkən, adı çəkilən qurumun kapitan rütbəli xilasedici əməkdaşı jurnalistdən  fotoaparatı almaq istəyib və jurnalisti təxribat törətməkdə ittiham edərək, ona şəkil çəkməyi yox, bel götürərək Kürün qarşısının alınmasına kömək etməyi əmr edib. Baş verənlərə ərazidə xidmət edən polis əməkdaşları müdaxilə edəndən sonra jurnalist sərbəst buraxılıb.  

Qeyd edək ki, İ.Abbasov fəlakət bölgəsində üzərində “press” yazılmış xüsusi fərqləndirici gödəkcədə olub.

Məsələ ilə əlaqədar FHN-in mətbuat xidmətinin münasibətini öyrənməyə çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Previous Post

MEDİA HÜQUQU İNSTİTUTU HESABAT AÇIQLADI

Next Post

JURNALİSTLƏRİN MÜDAFİƏ KOMİTƏSİ EYNULLA FƏTULLAYEVLƏ BAĞLI NÖVBƏTİ BƏYANATINI VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.