YARADICI GƏNCLƏR XARİCİ RADİOSTANSİYALARIN YAYIMININ DAYANDIRILMASINA ETİRAZ EDİRLƏR

dekabr 5th, 2008
Bu gün (04 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnsititutunun (RATİ) mətbuat mərkəzində bir qrup yaradıcı gənc Azərbaycanda FM dalğalarında yayımlarının dayandırılacagı təhlükəsi ilə üz-üzə qalan xarici  radiostansiyalara dəstək məqsədilə İctimai Dəstək Komitəsinin (İDK) elan edilməsi ilə bağlı mətbuat konfransı keçirdlər.

Tədbiri açıq elan edən yazar Elnur Astanbəyli İDK-nın yaradılmasını zəru edən səbəb və komitənin görəcəyi işlər barədə məlumat verdi.
 
     Onun sözlərinə görə, “Azadlıq”, “Amerikanın Səsi” və “BBC” radiolarının FM dalğalarında yayımının dayandırılması təhlükəsinə etiraz əlaməti olaraq komitə müxtəlif aksiyalar, imzatoplama kampaniyası və sair tədbirlər həyata keçirəcək.
 
     ””Azadlıq”, “BBC” və “Amerikanın səsi” radiolarından başqa Azərbaycanda yayımlanan müstəqil elektron KİV yoxdur. Özünü müstəqil hesab edən bir dövlətdə belə radioların yayımının dayandırılması ağlasığmazdır. Bu radioların yayımının dayandırılması Azərbaycanın xaricdən təcrid edilməsi deməkdir. Biz bir qrup gənc yazar olaraq ictimai komitə yaradaraq, öz etirazlarımızı bu yolla ictimaiyyətə çatdırmaq istəyirik. Bu komitəyə müəyyən partiyaların nümayəndələri və müstəqil gənclər də qatılacaq”, – deyə qeyd edən Astanbəylinin sözlərinə görə, aksiya üç mərhələdən ibarət olacaq:
 
     “Biz cəmiyyətə çağırış edəcəyik ki, saatlarının əqrəbin bir saat geri çəkməklə Moskva vaxtına keçsinlər. Bundan başqa bir “Heydər Əliyevə rəhmət!” şuarı altında aksiya keçirərək Fəxri Xiyabanı ziyarət edəcəyik və onun ruhuna dua edəcəyik. Habelə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid (Zahidov) həbs olunanda Yasamal Polis İdarəsinin giriş qapısında ABŞ-ın Azərbaycandakı səfirliyinin o dövrdəki ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henikə “Go awey” (rədd olun) deyən, hazırda təqaüddə olan polis polkovniki  “Çingiz Məmmədova dəstək!” şüarı altında aksiya keçirəcəyik və bu aksiyada Qərb ölkələrinin Azərbaycandakı səfirliklərindən tələb edəcəyik ki, əgər bu radioları da qoruya bilmirlərsə Azərbaycanı tərk etsinlər”.