ƏVƏZ ZEYNALLI BARƏSİNDƏ CİNAYƏT İŞİ BAŞLANIB

Əmlakı müsadirə olunmuş “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində cinayət işi başlanıb. Ədliyyə Nazirliyindən “Turana” verilən məlumata görə, cinayət işi CM-in 306.2 (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə qaldırılıb.

Nazirlikdəki mənbə bu maddə ilə hazırda istintaq aparıldığını bildirib. CM-in bu maddəsində ən ağır cəza 3 il müddətinə azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Redaktora qarşı cinayət işinin açılmasına səbəb onun məhkəmənin 19 oktyabr tarixli qərarına məhəl qoymaması əsas gətirilir. Bu qərar əsasında “Xural” qəzetinin əmlakı müsadirə olunub. Məhkəmə iddialarını Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli qaldırmışdı. Onlar qəzeti və onun redaktorunu şərəf və ləyaqəti təhqir etməkdə ittiham ediblər.

Məhkəmə “Xural”ın Ramiz Mehdiyevə 10 min manat, Vüqar Səfərliyə isə 5 min manat ödəməli olduğu barədə qərar çıxarıb. Bu məbləğlər ödənmədiyi üçün “Xural” qəzetinin əmlakı müsadirə olunub.

Lakin Ədliyyə Nazirliyinin rəsmi məlumatında iddiaçılar arasında PA rəhbərinin adı göstərilmir. Onun yerinə müğənni Nüşabə Ələsgərli və “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərovun adı çəkilir.

Ədliyyə nazirliyi iddia edir ki, cinayət işi “Xural”ın redaktorunun sonuncu iki iddiaçıya, habelə Vüqar Səfərliyə kompensasiya ödəməkdən “nümayişkaranə şəkildə” imtina etməsi ilə əlaqədar açılıb.

Qeyd edək  ki,  Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qəzetə qarşı iddiasına əsasən çıxarılmış 10.000 manat və KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin iddiası üzrə çıxarılmış  5.000 manat, və müğənni Nüşabə Ələsgərlinin iddiası üzrə çıxarılmış 4.000 manat cəriməyə görə 2011-ci ilin may ayında “Xural” qəzetinin əmlakı siyahıya alınmışdı. Amma qəzetin cərimələri ödəməyə maddi imkan olmadığından icranın dayandırılması ilə bağlı məhkəməyə müraciət edib.  

Xatırladaq ki, oktyabrın 19-da Nərimanov rayon məhkəmə icraçıları “Xural” qəzeti redaksiyasının əmlakına baxış keçirib və qəzet gündəlik dərc olunandan sonra alınan avadanlıqlar siyahıya alınaraq, daha sonra müsadirə edilib.  Praktik olaraq müsadirə olunan mülkün çox az hissəsi “Xural” qəzetinə məxsus olub. Habelə məhkəmə icraçıları “Xural” qəzetinin redaksiyası ilə eyni binada yerləşən “liberal.az” saytının bir otaqlı ofisindəki əmlakın da “Xural” qəzetinə aid olduğunu ehtimal etdiklərini deyərək müsadirə ediblər.

“Xural” qəzeti 2002-ci il oktyabr ayından həftəlik, 2011-ci il sentyabrın 20-dən gündəlik dərc olunur.

 

Previous Post

“XURAL” QƏZETİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ QEYRİ-MÜƏYYƏN VAXTA TƏXİRƏ SALINIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.