AQİL XƏLİLİN DÖYÜLMƏSİ İLƏ BAĞLI BAŞLANMIŞ CİNAYƏT İŞİNƏ XİTAM VERİLİB

“Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilin (Xəlilov) “Zeytun bağı” adlanan ərazidə döyülməsi ilə bağlı başlanmış cinayət işinə xitam verilib.

Bu barədə “Turan”ın  Baş Prokurorluğun mayın 21-də yaydığı məlumata istinadən  verdiyi xəbərdə bildirilir. 
      İstintaqın məlumatına görə, Dağbəyi Allahverdiyev və Akif Çovdarov (hər ikisi Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli zabitləridir (qeyd TURAN) şahid qismində ifadə verərkən bildiriblər ki, fevralın 22-də təxminən saat 17. 00-da Bakıda Zeytun Bağının yanından keçərkən görüblər ki, tanımadıqları şəxs onların fotoşəkilini çəkir.
       "İşlərinin xüsusiyyətinə görə şəkillərinin çəkilməsini məqbul saymadıqları üçün fotoaparatı sonradan adını bildiyi Aqildən almaq istəyərkən o, büdrəyərək arxası üstə yıxılıb və qışqırmağa başlayıb", – deyə Baş Prokurorluğun məlumatında qeyd edilib.
      Məlumata görə, martın 18-də keçirilmiş məhkəmə-tibbi müayinəsi zamanı Xəlilin bədəni üzərində "hər-hansı bir xəsarətin obyektiv əlamətləri" aşkar olunmayıb. Xəlilin döyülməsi istintaq materialları ilə öz təsdiqini tapmadığından həmin fakt üzrə cinayət təqibinə xitam verilib.
       Baş prokurorluğun bildirdiyinə görə, Xəlilin 07. 05. 2008-ci il tarixdə saat 16-17 radələrində metronun "28 may" stansiyasında ona sui-qəsd edilməsi və oğurlanmasına cəhd edilməsi ilə bağlı göstərdiyi xüsusatlar da istintaq sənədləri ilə sübuta yetirilməyib. Baş prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, Xəlil bu vaxt ümumiyyətlə metroda olmayıb, yalnız saat 20. 50-də metroya "Elmlər akademiyası" stansiyasından daxil olmaqla, saat 21. 10-da "28 may" stansiyasından çıxıb.  Həmçinin Aqil Xəlilovun Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılan cinayət işi üzrə ona və ailə üzvlərinə mənəvi və fiziki təzyiqlər göstərilməsi, işgəncə verilməsi, istintaq hərəkətləri aparılarkən qanunvericiliyin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Baş prokuroruna müraciəti üzrə aparılan yoxlama başa çatdırılıb.
     “Yoxlama zamanı izahatları alınmış Aqil Xəlilovun valideynləri Xuraman Xəlilova və Əli Xəlilov, həmçinin qardaşı Kamil Xəlilov aprelin 3-də və 4-də müstəntiqlər tərəfindən aparılan istintaq hərəkətlərinin qanuna müvafiq qaydada həyata keçirildiyini, onlara və Aqil Xəlilova heç bir təzyiqin göstərilmədiyini və sonuncuya hər hansı bir bədən xəsarətinin yetirilmədiyini qeyd ediblər. Cinayət prosesinin digər iştirakçıları, o cümlədən, Aqil Xəlilovun nümayəndəsi Elçin Sadıqov da onun cinayət işi üzrə sərbəst ifadələr verdiyini göstərərək, həmin vaxt Aqilin döyülmədiyini, ona qarşı hər hansı bir digər təzyiq, təhqir və ya şantajların edilmədiyini bildirib, onunla aparılmış istintaq hərəkətlərinin videoçəkilişlərinə baxış keçirilərkən də həmin hallar müəyyən edilməyib”, – deyə məlumatda qeyd edilir.
Buna görə Xəlilin işgəncələrlə bağlı cinayət işinin başlanması haqqında müraciəti rədd edilib.
          Bununla belə, Baş Prokurorluq bir daha martın 13-də Xəlilə bıçaq yarasının Sergey Strekalin tərəfindən vurulması versiyasını təsdiq edib. İstintaq bildirir ki, vaxtilə qeyri-ənənəvi oriyentasiyaya malik Strekalinlə Xəlil arasında intim əlaqələr olub və onlar arasında hadisə məişət zəminində baş verib.
     Strekalinin işi ayrıca icraata ayrılıb və məhkəməyə göndərilib. Strekalinə qarşı 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ilə ittiham irəli sürülüb.
         Cinayət işinin təqsirləndirilən şəxslər Natiq Allahverdiyev (MTN əməkdaşı Dağbəyi Allahverdiyevin qardaşı (qeyd TURAN) və qeyrilərinin Azərbaycan Respublikası CM-in 320.1 (hüquq verən rəsmi sənədləri saxtalaşdırma) maddəsi ilə ittiham olunmalarına dair olan hissəsi üzrə ibtidai araşdırma davam etdirilir.
      Bu məsələ ilə bağlı RATİ Aqil Xəlillə əlaqə saxlayıb. Jurnalistin sözlərinə görə, “bu hadisə onda acı gülməkdən başqa heç bir hiss doğurmur”. Prokurorluğun bu addımını həyasızlıq kimi qiymətləndirən jurnalist bildirib ki, istintaq qondarmadır. “Valideynlərim və vəkilimin adlarından yalan ifadə yazdıqları bunu bir daha sübut edir. Onlar özləri-özlərini ifşa  edirlər”,  – deyə Xəlil əlavə edib.
      Xəlilin vəkili Elçin Sadıqov da prokurorluğun yaydığı məlumatı arxasında  çirkin məqamların durduğunu deyib: 
      “Prokurorluğun yaydığı məlumatlar bütövlükdə yanlışdır”, – deyə qeyd edən  Sadıqova görə, bu addım istintaqın qanunsuzluqlarını ört-basdır etmək üçün həyata keçirilən piardır: “Mənim adımdan da sui-istifadə ediblər. Onlar əllərindən gələni etdilər ki, fevralın 22-də “Zeytun bağı”da baş vermiş hadisədə günahı olan şəxslər məsuliyyətə cəlb olunmasın. Bu da onu göstərir ki, Azərbaycanda həmin şəxsləri məsuliyyətə cəlb edə biləcək, buna cürət edə biləcək bir orqan yoxdur”, – deyə qeyd edən Sadıqov hesab edir bu yolla prokurorluq həm də məhkəməyə təzyiq edir.
      “Mən yaxın günlərdə prokurorluğun yaydığı bu bəyanatla bağlı məhkəməyə müraciət edəcəyəm”, – deyə vəkil vurğuladı.  

Previous Post

“DALĞA” OMBUDSMAN APARATI QARŞISINDA “MİRZƏ SAKİTƏ SAHİB ÇIXIN” ADI ALTINDA AKSİYA KEÇİRDİ

Next Post

Etiraz Aksiyası “Sakit Zahidova Sahib Çıxın”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.