“Yeni Müsavat” qəzetinin reportyoru Elmin Bədəlov və “Milli yol” qəzetinin baş redaktorunun müavini Anar Gəraylının iyulun 28-də fiziki təzyiqə məruz qalması ilə əlaqədar Xəzər rayon Polis İdarəsinin təhqiqat şöbəsinin apardığı araşdırılma sona çatıb və cinayət işinin aparılması rədd edilib.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev tərəfindən “Yeni Müsavat” qəzetinə ünvanlanmış məktubda məlumat verilib. Xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bu gün (24 avqust) Elmin Bədəlov verib.
Məktubda bildirilir ki, jurnalistlər Şimal DRES qəsəbəsində «Мауак» bağlar ərazisində iş adamı Emin Ələsgərova məxsus bağ evinin darvazasının üstünə çıxıb fotoşəkil çəkərkən bağın təsərrüfat işlərinə baxan vətəndaş Arif Musayev onların oğurluq etdiklərini zənn edib. Məktubda qeyd olunub ki, bu səbəbdən onları nəzarət otağına aparsalar da, jurnalist olduqları məlum olandan sonra sərbəst buraxıblar. Həmçinin jurnalistlərin fiziki döyülərək fiziki xəsarətlər almasının şahid ifadələri tərəfindən təsdiqlənmədiyi də daxil olan məktubda qeyd olunub.
“Məktubda o da bildirilir ki, ekspertizanın bizim üzərimizdə aşkarladığı xəsarətlər müxtəlif şəraitdə, о cümlədən hündürlükdən yıxılma zamanı ətrafda olan qabarıq küt əşyalara dəymə nəticəsində törənməsi istisna olunmur” – deyən E.Bədəlov əlavə etdi ki, Xəzər rayon Polis İdarəsinin təhqiqat şöbəsinin apardığı araşdırma ilə bağlı şikayət edəcəklər.
Xatırladaq ki, 28 iyulda reportaj hazırlayarkən jurnalistlər E.Bədəlov və A.Gəraylı fiziki təzyiqə məruz qalıblar, “Yeni Müsavat” qəzetinin redaksiyasına məxsus fotoaparat zədələnib. Zərərçəkmişlər bildiriblər ki, nəqliyyat naziri Ziya Məmmədovun olduğu bilinən imarətin şəklini çəkən zaman mühafizəçilər tərəfindən döyülüblər. 3 saata yaxın saxladıqdan sonra fotoaparatın yaddaşında olan şəkilləri silməklə yanaşı, kartı da sındıraraq, jurnalistləri sərbəst buraxıblar.