MEHMAN HÜSEYNOVA AÇILAN CİNAYƏT İŞİ SAXTALAŞDIRILIB

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynov barəsində həbs deyil, başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin  seçilməsi onun barəsində açılmış cinayət işinə xitam verilməsi demək deyil.

Səbail Rayon Polis İdarəsində Fotoreportyor barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə açılmış cinayət işi  221.2.2-ci maddə ilə əvəz edilib və Mehman Hüseynov təqsirləndirilən şəxs qismində tanınıb.  Bu  maddə ilə  daha sərt cəza – üç ildən beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
         Bu barədə cümə axşamı mətbuat konfransında RATİ sədri Emin Hüseynov məlumat verib.   Onun sözlərinə görə, Mehman Hüseynov Səbail Rayon Polis İdarəsində mayın 21-də polis təzyiqinə məruz qalması və ona qarşı işlədilmiş nalayiq  sözlərə görə həmin polis barəsində cinayət işi açılması ilə bağlı şikayət edib.      “Biz Mehman Hüseynov və videooperator Mirrəhim Həsənov tərəfindən məhkəməyə mülki iddia verəcəyik, əmlakımıza vurulmuş ziyanın polis tərəfindən ödənilməsini tələb edəcəyik.  
             Emin Hüseynov qeyd edib ki, o, Mehmanın polisi təhqir etməsinə haqq qazandırmır. Gənc jurnalistləri polislərin təxribatına uymamağa və ayıq olmağa çağırır. Həmin gün İctimai Palatanın aksiyası zamanı polis bir çox jurnalistlərə və sadə aksiya iştirakçılarına, o cümlədən qadınlara qarşı təhqirə və təzyiqə yol verib. Bununla belə, polislərdən heç kim məsuliyyətə cəlb edilməyib.
        Mehman Hüseynov Səbail rayon polis idarəsinin müvəqqəti saxlama təcridxanasındakı şərait barədə danışıb. Onun sözlərinə görə, şərait Avropa standartlarından çox-çox uzaqdır. Kobud rəftar, normal qidanın olmaması, kamerada anti-sanitariya şəraiti, havasızlıq xüsusən yay günlərində kamerada qalmağı dözülməz edir. “Birinci gün mənə bulka və bir az su, səhəri gün kiçik buterbrod və kola verdilər. “Nahar”dan sonra ombudsman aparatının nümayəndələri kameraya gəldilər. Başa düşdüm ki, yeməyi onlara görə gətiriblər, yoxsa mənə heç nə verməzdilər”, deyə fotoreportyor bildirib.   “Azad edildikdən sonra öyrəndim ki, həmin gün mənə üç dəfə bağlama gətiriblər, lakin bu bağlamalardan bir şüşə su üzü belə görməmişəm”.
        RATİ sədri Emin Hüseynov bir daha qeyd edib ki, Mehmana açılan cinayət işi saxtalaşdırılıb. Belə ki, onun təqsirini sübuta yetirəcək bir dəlil belə yoxdur. “Bu, siyasi sifariş və özbaşınalığın sübutudur”,- Hüseynov belə hesab edir.
        Xatırladaq ki, Mehman Hüseynov iyunun 12-də axşam dindirilmək üçün Səbail rayon polis idarəsinə çağırılıb və saxlanılıb. İyunun 13-də axşam saatlarında məhkəmə qərarı ilə barəsində iltizam qətimkan tədbiri  seçilməklə sərbəst buraxılıb.

Previous Post

MHİ DİFFAMASİYA QANUNUNUN QƏBUL EDİLMƏSİ ÜÇÜN KAMPANİYAYA BAŞLAYIR

Next Post

ƏVƏZ ZEYNALLI RAMİZ MEHDİYEVİN ZƏRƏRÇƏKMİŞ KİMİ TANINMASINI İSTƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.