MHİ DİFFAMASİYA QANUNUNUN QƏBUL EDİLMƏSİ ÜÇÜN KAMPANİYAYA BAŞLAYIR

 Media Hüququ İnstitutunun təşəbbüsü ilə Diffamasiya haqqında qanun layihəsinin qəbul olunmasına dəstək kampaniyasına start verilib. Bu haqda iyunun 14-də RATİ-də  keçirilən mətbuat konfransında bildirilib.

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı prezident tərəfindən Diffamasiya haqqında qanun layihəsinin 2012-ci ildə hazırlanaraq Milli Məclisə verilməsini, “Azərbaycan Respublikası İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na daxil edilməsini müsbət hal kimi dəyərləndirib. Onun fikrincə, belə bir addım bu sahədə qanunvericilik və məhkəmə təcrübəsinin inkişaf etdiriləcəyinə, onun Avropa İnsan Haqları Məhkəməsinin ifadə azadlığı ilə bağlı presedent hüququnun müəyyən etdiyi standartlara uyğunlaşdırılacağına ümidləri artırır. Mətbuat konfransında o da bildirildi ki, vətəndaş cəmiyyəti qurumları Diffamasiya haqqında mühüm qanun layihəsi təklifləri hazırlayaraq  hökumətə təqdim ediblər. Sonuncu, daha mükəmməl layihəni Azərbaycan Mətbuat Şurası ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi ilə birlikdə hazırlayıb. Layihə Prezident Administrasiyasına da təqdim olunub. Yerli və beynəlxalq ekspertlər bu layihəyə yüksək qiymət veriblər. Diffamasiyaya görə cinayət cəzalarının ləğvini nəzərdə tutan qanun layihəsi Avropa İnsan Haqları Məhkəməsinin ifadə azadlığı ilə bağlı işlərə baxarkən müəyyən etdiyi, mülki diffamasiya işlərinin düzgün və ədalətli həllini təmin edən standartlara uyğun hazırlanıb. Rəşid Hacılı kampaniya çərçivəsində ölkə prezidentinə ünvanlanan müraciətin imzalanma kampaniyasına başlanılacağını da diqqətə çatdırdı. Müraciəti imzalayan media qurumları, eləcə də vətəndaş cəmiyyəti institutları prezidentdən qanunvericilik təşəbbüsündən istifadə edərək, bu qanun layihəsinin tezliklə Milli Məclisə göndərilməsini xahiş edəcəklər. “Təhlükəli məqamlardan biri odur ki, diffamasiya haqqında qanunun qəbul edilməsi əvəzinə Cinayət Məcəlləsinə dəyişikliklər edilsin. Rusiya və Ermənistan bu təcrübədən istifadə etdi, lakin bu çox ağır sonluqlarla nəticələndi. Azərbaycanda da belə bir prosesin aparılması ilə heç cür razılaşmaq olmaz” deyən Rəşid Hacılı misal olaraq bir gün əvvəl “Azadlıq” qəzetinin Metropolitenin rəisi Tağı Əhmədov tərəfindən 30 min manat məbləğində cərimələndirilməsi, bundan əvvəl isə artıq nəşri dayandırılan “Xural” qəzetinin “Bakı-Baltika” şirkəti tərəfindən 50 min manat, Ramiz Mehdiyev tərəfindən 10 min manat, Vüqar Səfərli tərəfindən 5 min manat cərimələndirilməsini göstərdi. Bütün bunların gələcəkdə baş verməməsi üçün Diffamasiya haqında qanunun tezliklə Milli Məclis tərəfindən qəbul olunması çox vacibdir. “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıyev məhkəmələr tərəfindən siyasi sifarişlər əsasında qəzetlərin cərimələndirilməsini pislədi. MHİ-nun layihə rəhbəri Xalid Ağəliyev isə hesab edir ki, keçirilən bu kampaniya istər KİV, istərsə də vətəndaş cəmiyyəti institutları tərəfindən dəstəklənəcək, çünki, heç bir jurnalist yazdığı yazılara görə həbs olunmasını istəməz. Diffamasiya haqda qanun layihəsi qəbul olunandan sonra isə jurnalistlər onları gözləyən 5 təhlükədən, heç olmasa birindən azad olacaqlar. Jurnalist İdrak Abbasov hansı səbəblərdən oxşar hadisələr zamanı jurnalistlərin qısa müddətdə cəzalandırılmasının, əksinə məmurların və hər hansı bir cinayəti törətmiş polis işçilərinin ümumiyyətlə cinayətdən kənarlaşdırılmasının da diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğuladı. ATƏT nümayəndəsi Vüsal Behbudov Diffamasiya haqda qanun layihəsinin Azərbaycanda qəbul olunmasının əhəmiyyətindən danışdı.
İMS-nin rəhbəri Gülnara Axundova kampaniyanın daha aktiv keçirilməsi üçün istər yerli QHT, istərsə də beynəlxalq təşkilatların birgə dəstəyi və səyi ilə geniş tədbir keçirilməsinin zəruriliyini qeyd etdi və bildirdi ki, tədbirə Prezident Aparatının şöbə müdiri Əli Həsənovu da dəvət etmək, birbaşa hakim qüvvələrlə bu məsələni müzakirə etmək istənilən nəticəni əldə etməyə imkan verə bilər.  
RATİ sədri Emin Hüseynov Diffamasiya haqqında qanunun tezliklə qəbul olunması ilə bağlı prezidentə ünvanlanan məktubun imzalanma kampaniyasının iyulun 22-dək – Milli Mətbuat gününədək başa çatdırılmasını məsləhət gördü. Onun fikrincə, prezidentin bu qanunun qəbulu ilə bağlı bayram ərəfəsində atacağı müsbət addım mətbuat işçiləri üçün ən  gözəl hədiyyə ola bilər.
Tədbirin sonunda Rəşid Hacılı qeyd etdi ki, bu qanunun qəbulu və düzgün tətbiqi ölkəmizin dayanıqlı inkişafının, qanunun aliliyinin və insan haqlarının təmin olunmasının təməl şərtlərindən biri olan ifadə azadlığının gerçək təminatı üçün mühüm addım olacaq.

Previous Post

RATİ MEHMAN HÜSEYNOVUN TUTULMASINI PİSLƏYİR, YERLİ VƏ BEYNƏLXALQ QURUMLARI TƏCİLİ TƏDBİR GÖRMƏYƏ ÇAĞ

Next Post

MEHMAN HÜSEYNOVA AÇILAN CİNAYƏT İŞİ SAXTALAŞDIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.