GƏNC BLOQÇULARIN MƏHKƏMƏSİNİN TARİXİ MƏLUM OLDU

avqust 27th, 2009
Həbs olunmuş bloqçular –  Emin Milli (Abdullayev) və Adnan Hacızadəyə qarşı  Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və CM-in 127-ci (qəsdən sağlamlığa az zərər vurma) maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə prosesi 4 sentyabr saat 15:00-a  təyin olunub. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  məlumat verən A.Hacızadənin vəkili İsaxan Aşurovun sözlərinə görə, iş Səbail rayon Məhkəməsinin hakimi Araz Hüseynovun icraatına verilib.

Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin (GHMK) koordinatoru Erkin Qədirlinin RATİ-yə verdiyi məlumata görə, Adnan və Eminin Londondakı dostlarının təşkilatçılığı ilə sentyabrın 2-də Azərbaycanın Londondakı  səfirliyi qarşısında gənc bloqçulara dəstək məqsədilə küçə konserti keçiriləcək. O bildirib ki, konsertin keçirilməsində məqsəd gənclərin qanunsuz həbsinə etiraz nümayiş etdirmək və onlara dəstək olmaqdır.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.