XARİCİ RADİOSTANSİYALARIN FM TEZLİYİNDƏ YAYIMININ DAYANDIRILMASI HAQQINDA QƏRAR VERİLDİ

2009-cu ilin yanvarın 1-dən Azərbaycanda fəaliyyət göstərən xarici radiostansiyaların yerli FM tezliyində yayımı dayandırılacaq.

Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) dekabrın 30-da keçirilən iclasında qərar verilib. İclasından sonra keçirdiyi mətbuat konfransında MTRŞ sədri Nüşirəvan Məhərrəmli bildirib ki, şuranın iclasında üç məsələ müzakirə olunub:
“Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici radiostansiyaların fəaliyyətinin  hüquqi cəhətdən tənzimləməsi məsələsi uzun müddətdir ki, müzakirə obyektidir. Milli Televiziya və Radio Şurası da bu məsələni mütəmadi olaraq, – 2003-cü ildən başlayaraq, müzakirəyə çıxarıb. Bu məsələ mərhələ – mərhələ hüquqi cəhətdən həll olunub. İlk əvvəl Rusiyanın, Türkiyənin, Fransanın televiziya və radiostansiyalarının fəaliyyəti dayandırıldı. Bu gün isə “Amerikanın səsi”, “Azadlıq” və BBC radiostansiyalarının fəaliyyətinin dayandırılması barədə şura qərar çıxardı. Bununla bağlı şuranın üzvlərinin qərarı yekdildir.   “Amerikanın səsi”, “Azadlıq” və “BBC” radiolarına verilmiş lisenziyanın vaxtı uzadılmadı, onlara verilmiş FM tezliklərini  geri alınması haqda şura qərar çıxardı. Bu radiostansiyalar Azərbaycanda yayımını digər alternativ vasitələrlə (internet, kabel şəbəkəsi və peyk yayımı vasitəsi ilə) yayımlaya bilərlər”.
Məhərrəmli yerli televiziya və radio kanalları ilə bağlı da müəyyən qərarların olduğunu dedi: “Azərbaycanın teleradio məkanında  2009-cu il yanvarı 1-dən bəzi verilişlər istisna olmaqla, qalan verilişlərin Azərbaycan dilində yayımlanması barədə qərar qəbul olundu. Bu verilişlər xəbərlər,  tədris proqramları, maarifləndirici verilişlər, bir də xüsusi ictimai əhəmiyyət kəsb edən verilişlərdir. Bu verilişlərin də hamısının Azərbaycan dilində tərcüməsi titrlər vasitəsi ilə həyata keçiriləcək”.
Habelə o, “Avropa + Bakı ” radiostansiyasının fəaliyyətinin də dayandırılması barədə MTRŞ-nin qərar verdiyini vurğuladı: ”Bu radiostansiyaya iki il bundan əvvəl yerli radio statusunda lisenziya verdik. Radiostansiyaya  bildirdik ki, qısa müddət ərzində yerli radio statusunda fəaliyyət göstərməlidir. Amma “Avropa + Bakı ”  bu müddət ərzində qarşısında duran bu öhdəliyi yerinə yetirə bilmədi. Radiostansiyanın 95% FM tezliyində  xarici dildə yayımlanması MTRŞ-nin  monitorinq qrupu tərəfindən aşkar edilib. Bu isə qanun pozuntusudur. Buna görə də, şura üzvləri radionun fəaliyyətinin dayandırılması haqda qərar qəbul etdilər və məsələ ilə bağlı məhkəməyə müraciət olunacaq ”.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,detail/catid,173/id,1739/lang,az/

Previous Post

XARİCİ RADİOSTANSİYALARIN FM TEZLİYİNDƏ YAYIMININ DAYANDIRILMASI HAQQINDA QƏRAR VERİLDİ

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.