REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu  2009-cu ilin yanvar ayının  1-dən Azərbaycanda fəaliyyət göstərən xarici radiostansiyaların  – "Azadlıq", "Amerikanın Səsi" və BBC-nin  yerli FM tezliklərində  yayımının dayandırılması haqqında dekabrın 30-da Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) qəbul etdiyi  qərarı qəti pisləyir və bu qərara görə Azərbaycan hökumətini qınayır.

Bu gün MTRŞ qərara aldı  ki, xarici radioların FM tezliklərində  yayımlanması Azərbaycanın "Milli teleradio yayımı haqqında" qanununa uyğun deyil və  bundan sonra bu KİV-lər öz fəaliyyətlərini qısa dalğada, internet, kabel və peyk yayımı ilə davam etdirə bilərlər.
RATİ qeyd edir ki,  Azərbaycanda kabel yayımı çox bərbad şəkildədir və demək olar ki,  yox səviyyəsindədir. Hətta paytaxt Bakıda potensial dinləyicilərin heç 5 faizinin də kabel yayımın xidmətlərindən istifadə etmək imkanı yoxdur. Bu yayım həm də maddi baxımdan dinləyicilər üçün əlverişli deyil. Azərbaycanın internet infrastrukturu dövlət inhisarında olduğundan və inkişaf müşahidə edilmədiyindən, bu vasitə ilə radioların geniş  yayımı istisna edilir.  Hökumətin təklif etdiyi peyk yayımına gəldikdə isə BBC, "Amerikanın səsi" və "Azadlıq" radiolarının auditoriyasının yarısı nəqliyyatdan  istifadə edən və mobil radio qəbul edicilərini istismar edən şəxslərin olduğunu nəzərə alsaq, həmin auditoriyanın keyfiyyətli məlumat almaq hüququndan məhrum olunduğu görünür. Stasionar peyk antenaları və kabel vasitəsilə  radio yayımlamaq yalnız köməkçi yayım üsulu sayıla bilər.   Çünki radio yayımının əsas fəlsəfəsi mobillik, ucuzluq və hər zaman əlçatan şəkildə olması deməkdir. Hökumətin digər təklifinə  gəldikdə isə –  qısa dalğalarda hər bir radioya gündə bir  saat yayım imkanını vermək də çox absurd qərardır . Hamıya məlumdur ki,  hazırda ölkədə istismar olunan  mobil radio qəbul edicilərinin  (maşınlarda, portativ pleyerlərdə, mobil telefonlarda və sair) demək  olar ki, 95 % yalnız FM dalğalarında verilişləri qəbul edə bilir. AM dalğalarına yalnız gündə bir saat olmaqla stasionar, ya çox köhnə, ya da çox yeni və bahalı radioqəbuledicilərində qulaq asmaq olar.
Nəzərə almalıyıq ki, Azərbaycanda fəaliyyət göstərən yerli teleradio şirkətlərinin hamısı hökumətin qeyri-rəsmi  nəzarəti və diktəsi altında fəaliyyət göstərir və Azərbaycanda İctimai teleradio yayımı ictimai maraqlara yox, hökumətin maraqlarına xidmət edir. "Azadlıq", "Amerikanın səsi" və BBC radioları yeganə alternativ elektron KİV-lərdir. Məhz bu radiolardan Azərbaycanda insanlar öz müxtəlif və tənqidi fikirlərini bildirə bilirlər. Bundan əlavə, bu radiostansiyalar dünyaya həyati pəncərə kimi qiymətləndirilir və Azərbaycan hakimiyyətinin belə hərəkətləri ölkəni və onun insanlarını dünyadan təcrid etməyə xidmət edir.
RATİ Azərbaycan hakimiyyəti tərəfindən Azərbaycanda fəaliyyət göstərən xarici radiokanallarin FM dalğalarında yayımının qadağan edilməsini  qeyri-qanuni və ictimai  marağa zidd addım kimi qiymətləndirir. RATİ  MTRŞ-nin bu  qərarı  məhz mövcud korrupsiyaya   uğramış  iqtidarın  maraqları  və siyasi sifarişinə uyğun çıxarıldığına tam əmimdir.  Buna əyani sübutlar:  İqtidarın Konstitusiyaya təklif etdiyi və söz azadlığını məhdudlaşdıracaq təkliflər və Azərbaycan həbsxanalarında 5 jurnalistin haqsız olaraq saxlanılması. RATİ hesab edir ki, Konstitusiyaya ediləcək antidemokratik dəyişikliklərlə bağlı martın  18-də keçiriləcək referenduma kimi ölkədə   bu 3 azad elektron KİV-lərin hər hansı geniş debatlar aparmağı   iqtidarın marağına uyğun olmadığından  bu  radiostansiyaları FM dalğalarında yayımını dayandırmaq  qərarına gəliblər.
RATİ hesab edir ki, bu radioların  FM dalğalarında yayımının dayandırılması,   Konstitusiyaya antidemokratik dəyişiklikləri  edilməsi,  jurnalistlərin həbsi mediaya qarşı iqtidarın açıq-aşkar dözümsüzlüyüdür və bu  Azərbaycanın milli maraqlarına ziddir. Bu kimi addımlar Azərbaycanın beynəlxalq imicini ləkələyir və  ölkəmizi qabağa yox, əksinə çox geriyə atır.
Yaranmış təhlükəli vəziyyətdə RATİ Azərbaycan iqtidarını bu yanlış qərarı dərhal ləğv etməyə və "Azadlıq", "Amerikanın səsi", BBC radiolarının lisenziyalarının müddətini uzatmağa və onların fəaliyyətinin Azərbaycanda genişləndirməyə zəruri şərait yaratmağa çağırır. RATİ həmçinin  beynəlxalq ictimaiyyəti bu qərarı qınamağa və Azərbaycan hökumətindən radioların  FM dalğalarında yayımını davam etməsinə imkan yaratmağı tələb etməyə çağırır. Əgər radioların  FM dalğalarda yayımlarını davam etmələri mümkün olmazsa belə, RATİ Azərbaycan cəmiyyətinin bu radioları dinləmələrini və radiostansiyaların daha qeniş auditoriyaya yayimlanmasını  hökümətin təklif etdiyi peyk yayımın imkanlardan müəyən mənada cəmiyətin və radioların xeyrinə istifadə olunmasını  mümkün hesab edir.  Belə ki,  xarici radio şirkətlər verilişlərin az büdcəli televiziya variantlarını hazırlayaraq  və onları "TURKSAT" və "HOTBİRD" peykləri vasitəsilə yayıb (misal üçün Rusiya Federasiyasinda "RTVİ" və "EXO MOSKVİ" radiosu kimi hazırladığı videogörüntülü canlı debatla) Azərbaycanın geniş   ictimaiyyətinə (Azərbaycan ailələrin 50 %  həmin peyklərdə gedən verilişləri qəbul edən cihazlara malikdirlər) professional və qərəzsiz şəkildə xəbərləri təqdim etməklə, beləliklə auditoriyalarını itirməməklə  fəaliyətlrini davam etdirə bilərlər.
Previous Post

XARİCİ RADİOSTANSİYALARIN FM TEZLİYİNDƏ YAYIMININ DAYANDIRILMASI HAQQINDA QƏRAR VERİLDİ

Next Post

XARİCİ RADİOSTANSİYALARIN FM TEZLİYİNDƏ YAYIMININ DAYANDIRILMASI HAQQINDA QƏRAR VERİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.