CAVABDEH MƏHKƏMƏYƏ NÖVBƏTİ DƏFƏ QƏBZ TƏQDİM ETMƏDİ

Bu gün Nəsimi Rayon Məhkəməsinin hakimi Məmməd Məmmədovun sədrliyi ilə "Bizim Yol" qəzetinin müxbiri Natiq Ədilovun Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin  hərəkətsizliyindən verdiyi iddia üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmədə iddiaçı Natiq Ədilov, iddiaçının nümayəndəsi Nurlana Əliyeva və cavabdehin nümayəndəsi Nərminə Bayramova iştirak edirdi. N.Ədilov öz çıxışında sorğunu göndərdiyi tarix və sorğu haqqında ümumi məlumat verdi.  Cavabdehin nümayəndəsi isə bildirdi ki, “İnformasiya əldə etmək haqqında” Qanunun 21.1.1 (informasiya sorğusunun icra edilməsindən imtina) maddəsində birbaşa göstərilir ki, informasiya sahibi sorğuya cavab verməkdən imtina edə bilər.  Bu maddəni rəhbər tutaraq  biz sorğuya cavab verməkdən imtina edilməsi haqqında cavab göndərmişik. Əgər sorğu ünvana çatmayıbsa, bu bizim günahımız deyil”.
İddiaçının nümayəndəsi N.Əliyeva isə buna cavab olaraq bildirdi ki, “İnformasiya əldə etmək haqqında” Qanuna əsasən sorğu ən gec 7 gün ərzində cavablandırılmalıdır. Ancaq 29 noyabr 2007-ci il tarixində göndərilən sorğuya bu günə kimi hələ də cavab gəlməyib. Məhkəmədən bütün bunları nəzərə alaraq  onlardan sorğunu cavablandırmaları haqqında qərardadın qəbul edilməsini xahiş etdi. Daha sonra Natiq Ədilovun “əgər cavab göndərmişsinizsə  məktubun poçt tərəfindən alınması haqqında qəbzi niyə təqdim etmirsiniz” sualına cavabdeh “mənim poçt sistemi haqqında heç bir məlumatım yoxdur” cavabını verdi.
 Hakim cavabdehə cavab məktubunun poçt tərəfindən alınması haqqında qəbzin məhkəməyə təqdim edilməsi barədə tapşırıq verdi və məhkəmə prosesini 04 aprel saat 11:30-a təyin etdi.
Qeyd edək ki, ötən məhkəmə prosesinin təxirə salınmasına adı çəkilən qəbzin məhkəməyə təqdim edilməməsi səbəb olmuşdu.
Xatırladaq ki, jurnalist 29 noyabr 2007-ci il tarixində  TQDK ya populyar müğənni Röyalə Nəcəfovanın (Röya Ayxanın) Bakı Dövlət Universitetinə hansı yolla daxil olması barədə sorğu göndərib, lakin həmin sorğu cavablandırılmamışdır. İddia ərizəsində xahiş edilir ki, məhkəmə Məleykə Abbaszadənin 30 noyabr 2007-ci il tarixli informasiya sorğusunda göstərilən sualları ətraflı və doğru-dürüst cavablandırmağa məcbur edən qətnamə qəbul edilsin və Mülki Prossesual Məcəllənin 265.1-ci maddəsinə uyğun olaraq müvafiq qanunvericiliyin tələblərini kobud şəkildə pozan şəxs barəsində xüsusi qərardad çıxarasın.

Previous Post

Interview with Agil Khalil one day after he was stabbed

Next Post

BU GÜN “AZADLIQ” QƏZETİNİN DAHA İKİ ƏMƏKDAŞI DİNDİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.