
Azər Ayxanın hüquqlarının müdafiə komitəsinin sədri, millət vəkili İkram İsrafil bildirdi ki, artıq 30-a yaxın şəxs – media nümayəndələri, hüquq müdafiəçiləri, vəkillər və digər şəxslər Komitəyə üzv olmaq üçün müraciət ediblər. O, vurğuladı ki, iddianın arxasında hakimiyyətdə təmsil olunan hansısa məmurun Azər Ayxanı həbs etdirmək niyyəti durur.
Tədbirdə çıxış edən komitə üzvləri – hüquq müdafiəçisi Çingiz Qənizadə, jurnalist Şahvələd Çobanoğlu, millət vəkilləri Pənah Hüseyn, Arzu Səmədbəyli və digərləri çıxışlarında diffamasiya maddələrinin ləğv olunmasının vacibliyinə toxundular. Onlar Azər Ayxan barəsində yaşadığı ərazini tərk etməmək qərarının çıxarılmasını pislədilər və təklif etdilər ki, bu qərar bir neçə hüquqşünasın iştirakı ilə hüquqi ekspertizadan keçirilməli və mətbuatda dərc edilməlidir.
Xatırladaq ki, “İdeal” qəzetinin həbsdə olan baş redaktoru Nazim Quliyev və “Binə” Ticarət Mərkəzinin direktoru Dilşad Əmirova Nizami rayon məhkəməsinə müraciət edərək “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxanın Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri üzrə cəzalandırılmasını istəyiblər. Nizami rayon məhkəməsi bu iddianı icraata götürüb və Azər Ayxandan yaşadığı ərazini tərk etməməsi barədə iltizam alınıb. Növbəti proses sabah saat 11.00-da keçiriləcək.
Azərbaycanın ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.