SİYASİ MƏHBUS NOVRUZƏLİ MƏMMƏDOVUN MÜDAFİƏ KOMİTƏSİ MƏTBUAT KONFRANSI KEÇİRDİB

Bu gün (29 iyul) Sülh və Demokratiya İnstitutunun (SDİ) ofisində Elmlər Akademiyasının Dilçilik İnstitutunun şöbə müdiri, “Talışi-Sədo” qəzetinin həbs olunmuş baş redaktoru Novruzəli Məmmədovun hüquqlarının müdafiə komitəsi mətbuat konfransı keçirmişdir.

Mətbuat konfransını açıq elan edən “Sülh və Demokratiya İnstitutunun” sədri Leyla Yunus bildirmişdir ki, istintaq və məhkəmə baxışı zamanı N. Məmmədovun günahı sübuta yetirilməmişdir. Əksinə onun sifariş nəticəsində həbs olunduğu məlum olmuşdur. Buna görə də “SDİ” Novruzəli Məmmədovu siyasi məhbus hesab edir.
N.Məmmədovun hüquqlarının müdafiə komitəsinin sədri  Hilal Məmmədov bildirdi ki, N.Məmmədov həmişə Azərbaycan dövlətçiliyinin müdafiəçisi qismində mətbuatda çıxış edib və heç zaman dövlət əleyhinə fikirlər səsləndirməyib.
N.Məmmədovun  vəkili Ramiz Məmmədov isə öz çıxışında bildirmişdir ki, 2 fevral 2007-ci il tarixdə N.Məmmədov MTN işçiləri tərəfindən oğurlanaraq MTN inzibati binasında bir gün qeyri-qanuni saxlanılaraq dindirilmişdir. Sonradan 3 fevral tarixində MTN-dən azadlığa buraxılan N.Məmmədov Elmlər Akademiyasının binasının qarşısında polis tərəfindən tutularaq polisə tabe olmamaq ittihamı ilə Yasamal Rayon Məhkəməsi tərəfindən qeyri qanuni 15 sutka inzibati həbs cəzası almışdır. Çünki yerli qanunvericiliyə əsasən yaşı 65-dən çox olan şəxslərə inzibati həbs cəzası verilə bilməz. Sonradan N.Məmmədovu Ədliyyə Nazirliyinin tabeçiliyində olan müvəqqəti saxlanma təcridxanasına aparınaq əvəzinə MTN-in təcridxanasına aparıb orada  15 gün saxlayıblar. Bu müddət ərzində isə onunla görüşə nə vəkili, nə də yaxınları buraxılmamışdır. 17 fevral 2007-ci ildə isə N.Məmmədov MTN tərəfindən dövlətə xəyanətdə ittiham olunmuşdur. Belə ki, N.Məmmədova qarşı sürülən ittiham aktında onu: “Azərbaycanda yaşayan talışlar üçün inzibati muxtariyyət yaratmağa nail olmaq məqsədilə zəruri məlumatları toplamaqda, xarici xüsusi xidmət orqanlarına lazım olan məlumatlara malik şəxsləri müəyyənləşdirməklə onları xarici xüsusi xidmət orqanları ilə əlaqələndirməkdə və ya belə şəxsləri xarakterizə edən məlumatları onlara ötürməkdə, talışların hüquqlarının pozulması adı altında beynəlxalq təşkilatlara müraciət etməkdə və  bununla Azərbaycanın mənfi imicinin formalaşmasına, beynəlxalq təşkilatların Azərbaycana təzyiqlərinə nail olmasına, 1998-ci ildə “Talışi-Sədo” qəzetinin baş redaktorluğunu ələ keçirib ona verilmiş tapşırıqlara uyğun məqalələri qəzetdə çap etdirməkdə, idmançıların təbliğatı adı altında “talışçılığın” təbliğində, respublikanın cənubunda dinə meyilli gəncləri aşkar edib onları xaricdə təhsil almaq üçün göndərməkdə, talış dilində prpqramların açılması üçün İTV-nin rəhbərliyinə və başqa yerlərə müraciət etməkdə, respublikada talış mədəniyyət mərkəzinin açılması və “Talışi-Sədo” qəzetinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi üçün ərizə ilə müraciət etməkdə, müxtəlif əcnəbi dilçi alimlərlə bərabər, talışları yaşadıqları ərazilərdə kəşfiyyat xarakterli sorğuların aparılmasında, talışları icra və qanunvericilik orqanlarında işə düzəltməyə təhrik edib sonradan onlardan istifadə etməkdə” ittiham etmişdilər. Vəkil bildirmişdir ki, məhkəmə heç bir əsas olmadan qapalı keçirilmişdir. Bunun isə əsas səbəbi MTN-nin və məhkəmə saxtakarlığının ictimaiyyətdən gizlədilməsi oldu. Vəkil onu da qeyd etdi ki, məhkəmənin çıxartdığı qərardan belə qənaətə gəlmək olar ki, N.Məmmədovun xeyrinə bütün şahidlərin verdiyi ifadələr tam olaraq saxtalaşdırılmışdır. Sonda vəkil bildirdi ki, bu işdən apellyasiya şikayəti hazırlanacaq. Məlumat üçün vəkil xatırlatdı ki, N.Məmmədovla yanaşı onun ailə üzvlərinə də təqiblər olmuşdur. Belə ki, bir müddət öncə N.Məmmədovun oğlanları bir neçə dəfə saxlanılaraq fiziki təzyiqlərə məruz qalmışdılar. Bunun nəticəsinsdə oğullarından biri  infarktdan vəfat etmişdir. Bir neçə gün bundan öncə isə ruhi xəstə olan onun digər oğlu narkotik maddələri saxlamaq maddəsi ilə şərlənərək, həbs olunmuşdur.

Previous Post

SƏRHƏDSİZ REPORTYORLAR VƏ RATİ ƏLİ ABBASOVA BİRGƏ SORĞU GÖNDƏRİB

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.